Xəbər lenti

Bir dövrə damğa vuran səs: Boni Tayler vəfat etdi
Sənət 13:47 09.07.2026

Bir dövrə damğa vuran səs: Boni Tayler vəfat etdi

"Total Eclipse of the Heart”, "Holding Out for a Hero” və "It’s a Heartache” kimi məşhur hitləri ilə tanınan britaniyalı müğənni Boni Tayler 75 yaşında dünyasını dəyişib.

Qaynarinfo-nun BBC-yə istinadən məlumatına görə, uelsli ifaçının rəsmi internet səhifəsində yayımlanan açıqlamada bildirilib ki, sənətçi Portuqaliyada xəstəxanada müalicə aldığı xəstəlik səbəbindən gözlənilmədən vəfat edib.

"Boninin ailəsi və komandası böyük kədərlə bildirir ki, Boni ötən gecə Portuqaliyada xəstəxanada, müalicə aldığı xəstəlik nəticəsində gözlənilmədən dünyasını dəyişib”, açıqlamada qeyd olunub.

Cənubi Uelsin Skauen şəhərindən olan müğənni may ayında Portuqaliyada təcili bağırsaq əməliyyatı keçirib və süni koma vəziyyətinə salınıb. Onun nümayəndəsi daha əvvəl Boni Taylerin komadan çıxdığını, lakin vəziyyətinin ağır olaraq qaldığını və reanimasiya şöbəsində müalicə aldığını bildirib.



Açıqlamada ailənin bu çətin dövrdə məxfiliyə hörmət edilməsini xahiş etdiyi vurğulanıb. Uels üzrə dövlət katibi Co Stivens müğənninin vəfatı ilə bağlı başsağlığı verib:

"Bonni Taylerin ölüm xəbərini eşitmək çox kədərləndirdi. O, uels musiqisinin simvolu, "Grammy” və "Brit” mükafatı laureatı, mənim yeniyetməlik illərimin səsi idi".

Boni Taylerin musiqi karyerası

Əsl adı Qeynor Hopkins olan Boni Tayler Neat şəhərində böyüyüb. O, musiqi prodüseri Rocer Bell tərəfindən Suonsidəki klublardan birində kəşf edilib və 1977-ci ildə ilk "Lost in France” sinqlını təqdim edib.

Həmin il yayımlanan "It’s a Heartache” mahnısı Böyük Britaniya hit-paradında dördüncü, ABŞ-ın "Billboard Hot 100” siyahısında isə üçüncü pilləyə yüksəlib.



Müğənninin ən böyük uğuru isə 1983-cü ildə təqdim olunan "Total Eclipse of the Heart” mahnısı olub. Əsər həm Böyük Britaniyada, həm də ABŞ-da hit-paradların zirvəsinə yüksəlib.

Bununla Boni Tayler ABŞ-da bir nömrəli hitə sahib olan ilk uelsli ifaçı olub.

Cim Staynmanın müəllifi olduğu mahnının ilkin adı "Vampires in Love” olub. Əsər əvvəlcə "Nosferatu” əsəri əsasında hazırlanacaq musiqili tamaşa üçün yazılıb.

Boni Tayler daha əvvəl BBC-yə açıqlamasında "Total Eclipse of the Heart” mahnısını ifa etməkdən heç vaxt yorulmadığını bildirib.

Sənətçi bu mahnıya görə "Grammy” mükafatına namizəd olub. O, həmçinin "Faster Than the Speed of Night” albomu və "Here She Comes” sinqlı ilə daha iki nominasiya qazanıb.



Cim Staynman 1980-ci illərdə Boni Taylerin digər məşhur mahnısı "Holding Out for a Hero”nun da müəllifi olub. Mahnı "Footloose” filminin saundtrekində istifadə edilib və daha sonra "Shrek 2” animasiya filmində səslənib.

Boni Tayler 2013-cü ildə "Eurovision” mahnı müsabiqəsində Böyük Britaniyanı təmsil edib və 26 iştirakçı arasında 19-cu yeri tutub. 2023-cü ildə isə musiqiyə xidmətlərinə görə Britaniya imperiyası ordeni (MBE) ilə təltif olunub.

Sənətçi 50 ildən çox evli olduğu həyat yoldaşı Robert Sallivan tərəfindən yad edilir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->