Dünya 16:56 15.03.2023

Bir neçə ölkə MiQ-29 qırıcılarını Ukraynaya vermək istəyir - Polşa hökuməti

Polşa hökumətinin nümayəndəsi Pyotr Müller deyib ki, Varşava Ukraynaya MiQ-29 qırıcıları tədarük etmək istəyən bir neçə ölkədən "aydın bəyanatlar” alıb.

Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir.

Eyni zamanda, Müller hansı ölkələrdən söhbət getdiyini dəqiqləşdirməyib.

Bundan əvvəl Slovakiyanın müdafiə naziri Yaroslav Nad Slovakiya hökumətinin müvafiq qərar verəcəyi təqdirdə Polşa ilə birgə döyüş təyyarələrinin təhvil verilməsinə hazır olması barədə bildirib. Lakin bu barədə qərar sentyabrda keçiriləcək növbədənkənar seçkilər ərəfəsində baş verən siyasi çəkişmələrə görə yubanır.
Çərşənbə axşamı Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, Polşa yaxın həftələrdə Sovet dövründən qalma döyüş təyyarələrini Ukraynaya təhvil verə bilər.
MiQ qırıcılarının xidmətində olan digər NATO üzvlərinə Bolqarıstan, Xorvatiya və Rumıniya daxildir.

Bir gün əvvəl ABŞ bir daha qeyd edib ki, digər dövlətlərin döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi qərarına qarşı çıxmayacaqlar.

Nizami Bağırov