Yəqin bilirsiniz ki, yuxu çatışmazlığı həm psixi, həm də fiziki sağlamlıq üçün riskləri artırır. Tədqiqatlar göstərib ki, bu, hətta ömrü qısaldır. Lakin yuxu rejimini dəyişməklə bir neçə il daha uzun yaşamaq mümkündür.
Qaynarinfo xəbər verir ki, bu barədə tomsguide.com yazıb.
"Vitality" şirkəti və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) tərəfindən aparılmış yeni tədqiqat göstərib ki, sadə "7:1” yuxu gigiyenası qaydası potensial olaraq ömrü 4 il uzada bilər.
Bu qayda deyir ki, gündə 7 saat yuxu kifayət deyil, onu demək olar ki, hər gecə eyni vaxtda, 1 saatlıq aralıqda yatmaq lazımdır. Yəni yuxuya getmə vaxtınız arasında bir saatdan çox fərq olmamalıdır.
Alimlərin sözlərinə görə, orta hesabla eyni vaxtda yatmağa başlayan və gecə 7 saatdan çox yuxu alan insanın ölüm riski, 7 saatdan az yatıb vaxtını sabit saxlamayanlara nisbətən təxminən 24% daha aşağıdır.
Tədqiqat həmçinin göstərib ki, eyni qaydaya riayət yuxu sistemi üçün faydalıdır: sabit 7 saat yatmaq və eyni vaxtda yatmaq xəstəxanaya yerləşdirmələrin sayını 7%-ə qədər azalda bilər.
Niyə eyni vaxtda yatmaq vacibdir?
Alimlər izah edirlər ki, yuxumuzu daxili bioloji saat – sirkadiyan ritm idarə edir. Hər gecə eyni vaxtda yatmaq bu ritmin tənzimlənməsinə kömək edir, bədəni yuxu vaxtını "anlamağa” öyrədir. Sirkadiyan ritm hormonların – gecə melatonin, səhər kortizol – vaxtında ifrazına cavabdehdir.
Lakin növbəli iş və ya tez-tez saat qurşaqları arasında səyahət sirkadiyan ritmi poza bilər, bu da hormon tənzimlənməsi, metabolizm və digər göstəricilərə təsir edir.
Pozulmuş ritmin əlamətləri: yuxuya getməkdə çətinlik, tez-tez gecə oyanmalar, səhər yuxudan sonra yorğunluq, gündüz əsəbilik və yorgunluq.
Yuxu rejimini necə düzəltmək olar?
1. Yuxudan əvvəl nə yediyinizə diqqət edin – kofein qəbulunu axşam saatlarından əvvəl dayandırın (təxminən saat 14:00). Alkoqol, ağır gecə yeməkləri, şirin desertlər və turş-acı qidalar yuxunu poza bilər.
2. Ekran qarşısında vaxtı azaldın – ekranlardan gələn işıq, xüsusilə mavi işıq, melatoninin ifrazını əngəlləyir. Telefon istifadə etmək beyni aktiv saxlayır və yuxuya getməyə mane olur.
3. Sakitləşdirici gecə rutini yaradın – yuxudan əvvəl rahatlamaq, nəfəs məşqləri, sakit musiqi, meditasiya, isti duş və ya qısa yoga ilə bədən və beyni yuxuya hazırlamaq vacibdir.
4. Yuxunu izləyin – müasir yuxu izləyiciləri yuxu gecikməsi, mərhələlər, ürək döyüntüsü, gecə oyanmaları və digər göstəriciləri qeyd edir. Bu məlumatlar vasitəsilə yuxu keyfiyyətinizi real vaxtda analiz etmək mümkündür.
Ekspertlər vurğulayır ki, göstəricilər ideal olmasa da, əsas diqqət onları yaxşılaşdırmaq üçün nəyi dəyişə biləcəyinizdə olmalıdır, birbaşa rəqəmləri dəyişdirməyə çalışmaq deyil.
Aydın