Ukrayna Katolik Universitetinin professoru, tarix elmləri doktoru Yaroslav Qrıtsak hesab edir ki, ölkəsi hazırda Rusiya Federasiyasına qarşı müharibənin son mərhələsindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "Ukrainskaya Pravda”ya müsahibəsində
bildirib.
"Amma bu mərhələnin nə qədər davam edəcəyini bilmirəm. Çox cəhətdən bizim müharibəmiz Birinci Dünya Müharibəsinə bənzəyir. Birinci mərhələ – blitzkriq, onu başlayan tərəf uğursuzluğa düçar olur. Sonra uzanan mərhələ gəlir. Üçüncü mərhələdə isə artıq müharibənin taleyi həll olunur. Danışıqların cəhdi faktı artıq nəyinsə göstəricisidir”, – o deyib.
Onun sözlərinə görə, bunun nə qədər davam edəcəyini heç kim bilmir.
"Klassik nümunə Koreya müharibəsidir. Danışıqlar 1949-cu ildə başladı, amma müharibə yalnız 1953-cü ildə, Stalinin ölümündən sonra başa çatdı. Aydındır ki, Rusiya tərəfi Putinin hakimiyyətdə olduğu müddətdə bunu mümkün qədər uzatmağa çalışacaq. Amma mənim demək istədiyim odur ki, əgər artıq danışıqlar aparılırsa, bu, sona doğru hərəkət etdiyimizi göstərir”, – tarixçi deyib.
O hesab edir ki, Ukrayna üçün Brüssel–Vaşinqton oxunun mövcudluğu mühümdür.
"Həm Birinci, həm də İkinci Dünya Müharibəsində qalib o tərəf oldu ki, onun tərəfində Amerika Birləşmiş Ştatları idi. Niyə Tramp burada təhlükədir? Çünki o, bu oxu bilərəkdən qırmaq istəyən ilk adamdır. Söhbət Amerikanın bütövlükdə təcridindən getmir, məhz bu oxun təcridindən gedir. Bu, özünü təcrid yoludur və məhvedici yoldur”, – Qrıtsak bildirib.
Tarixçinin sözlərinə görə, indi açıq qarşıdurma xətti görünür:
"Bilirsiniz, belə bir anlayış var – "West and the rest” (west – Qərb və the rest – dünyanın qalan hissəsi). Beləliklə, Rusiya vaxtilə öz yerini seçməli idi və "dünyanın qalan hissəsi”ni seçdi. İndi bu ‘qalan hissə” birləşir. Çində yaxınlarda baş verənlər bunu təsdiqləyir. Üç ən böyük dövlət – Çin, Hindistan və Rusiya – məhz bu "qalan dünya”dır”.
Onun fikrincə, təhlükə çox ciddidir.
"Biz elə vəziyyətdəyik ki, Trampın etdiklərindən sevinmirik. Amma digər tərəfdən, onun etdiklərini görməzlikdən gəlmək imkanımız yoxdur. Biz Amerikaya incik düşüb, "Bilirsiniz nə var, biz özümüz öhdəsindən gələrik” deyə bilmərik. Qərb liderlərinin oxşar davranışı da bundan ibarətdir”, – o əlavə edib.
Alpər
Şərhlər