Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ABŞ-ın vasitəçiliyi ilə Qəzza zolağında münaqişənin həlli planı hazırlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, İsrail bu təklifi effektiv hesab etmir.
"Bloomberg" qeyd edir ki, planın bir hissəsi olaraq ərəb ölkələri Qəzza zolağının bərpası üçün maliyyə yardımı göndərməyə hazırdır. Eyni zamanda, ərəb rəsmilərinin fikrincə, əhəmiyyətli məbləğin ayrılması üçün İsraildən tikilən infrastrukturun bir daha dağıdılmayacağına dair zəmanət lazımdır.
Plan həmçinin Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur. Bu prosesin 2023-cü ilin sonuna qədər başa çatması nəzərdə tutulurdu, lakin İsrail və HƏMAS arasında gedən müharibə səbəbindən danışıqlar yarımçıq qalıb. Danışıqların bərpası müqabilində Səudiyyə Ərəbistanı İsraildən fələstinlilər üçün güzəştlər, o cümlədən Qəzza zolağının onların nəzarətində qalmasını tələb edir.
İsrail 5 ərəb ölkəsinin hazırladığı planı ABŞ dövlət katibi Entoni Blinken vasitəsilə alıb. O, bu təklifi yanvarın əvvəlində Yaxın Şərq turnesi zamanı İsrail hökumətinə çatdırıb. Ərəb ölkələri ilə İsrail arasında danışıqlar davam edir
Qeyd edək ki, yanvarın 16-da İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında müharibənin 2025-ci ilə qədər davam edəcəyini gözlədiyini bildirib. O, hərbi əməliyyatlar başa çatdıqdan sonra Fələstin dövlətinin yaradılması ehtimalını istisna edib. Baş nazir iddia edir ki, HƏMAS yaraqlılarının məhv edilməsindən sonra İsrail "demilitarizasiya, deradikalizasiya və yenidənqurmaya” nail olmaq üçün Qəzza zolağında tam təhlükəsizlik nəzarəti yaradacaq.
Nizami Bağırov