Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası İsraildən ölkənin Fələstin ərazisini tərk etməsini tələb edən qətnamə qəbul edib. Bu, növbəti 12 ay ərzində icra edilməlidir.
Bu barədə Qaynarinfo BMT-nin X hesabına istinadən xəbər verir.
Qeyd edilir ki, qətnamə "İsraildən növbəti 12 ay ərzində işğal olunmuş Fələstin ərazilərində qeyri-qanuni mövcudluğuna dərhal son qoymağı tələb edir”.
Müvafiq qətnaməni 124 üzv dövlət, o cümlədən Azərbaycan dəstəkləyib. Bu arada 14 ölkə, o cümlədən İsrail və ABŞ buna qarşı çıxıb. 43 dövlət isə səsvermədə bitərəf qalıb.
"Səsvermə İsrailin işğal olunmuş Şərqi Qüdsdə və işğal olunmuş Fələstin ərazisinin qalan hissəsindəki hərəkətlərini nəzərdən keçirən 10-cu fövqəladə xüsusi sessiyanın ortasında keçirilib", - BMT-nin saytında yerləşdirilən bəyanatda deyilir.
İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi Oren Marmorsteyn BMT Baş Assambleyasının qərarını pisləyərək müvafiq qətnamənin qəbuluna reaksiya verib.
Tvitterdə (X) İsrail Xarici İşlər Nazirliyinin sözçüsü sentyabrın 18-də yazıb ki, Baş Assambleya adlanan "siyasi teatr” "təhrif edilmiş, reallıqdan uzaq, terrorizmi təşviq edən və sülh şanslarına zərər verən” qərar qəbul edib.
Nizami Bağırov
Şərhlər