BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının 5 daimi üzvünün veto hüququndan istifadəni əsaslandırmasını tələb edən qətnamə qəbul edib. Qeyd edək ki, veto hüququndan istifadəni məhdudlaşdıran layihəni 2 il əvvəl Lixtenşteyn təklif edib. BMT baş katibi Antonio Quterreş Rusiyaya səfəri zamanı məsələyə münasibət bildirərək, deyib ki, veto hüququndan yerində istifadənin tərəfdarıdır: "Veto hüququ həddən artıq çox istifadə edilib. Bir çox hallarda isə ondan istifadə vacib əhəmiyyət kəsb etməyib”.
Görəsən, qəbul edilən bu qətnamə BMT-də ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya tərəfindən yeri gəldi-gəlmədi veto hüququndan istifadənin qarşısını alacaqmı?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən siyasi şərhçi Fərhad Məmmədov bu qətnamə ilə BMT-də veto hüququndan sui-istifadə hallarına son qoyulacağını düşünmür:
"Bu, baş verməyəcək. Mövcud sistem İkinci Dünya Müharibəsindən sonra yaranan beynəlxalq sistemin bir parçasıdır. Veto hüququna sahib dövlətlər beynəlxalq hüququn onlara qarşı istifadə edilməməsinə zəmanət alıblar. Ötən dövr ərzində 5 ölkənin hər biri fərqli dövrlərdə verilən qərarların özlərinə qarşı yönəldiyini əsas gətirməklə veto hüququndan öz maraqları üçün istifadə ediblər”.
Həmsöhbətimiz bildirir ki, BMT islah olunmayan təşkilatdır:
"BMT hazırda bir təşkilat olaraq böhran vəziyyətindədir və ondan çıxış yolu da yoxdur. Ona görə də bir çox müşahidəçilər bildirir ki, BMT islah oluna bilməz. Onun əvəzində yeni təşkilat və yaxud təşkilatlar yaranmalıdır ki, onlar bütün dünyanı əhatə etsin”.
Rüfət Sultan