Dünya 17:17 11.07.2022

BMT: Hindistan Çini keçəcək, dünyanın ən çox əhalisi olan ölkəsinə çevriləcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) Hindistanın gələn il Çini keçərək dünyanın ən çox əhalisi olan ölkəsi olacağını açıqlayıb.

Qaynarinfo "Livemint" saytına istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Əhali Günü ilə bağlı hesabatında deyilir.

Hesabatda qeyd edilib ki, 2022-ci il noyabrın ortalarına qədər dünya əhalisinin sayı 8 milyarda çatacaq.

BMT-nin hesablamalarına görə, Asiya əhalinin ən sıx olduğu qitədir və dünya əhalisinin 61 faizi (4.7 milyard) burda yaşayır. Dünya əhalisinin 17 faizi Afrikada (1,3 milyard), 10 faizi Avropada (750 milyon), 8 faizi Latın Amerikası və Karib hövzəsində (650 milyon), 5 faizi Şimali Amerikada (370 milyon) və Okeaniyada (43 milyon) məslunlaşıb.

"Dünya Əhali Prospektləri 2019"a görə, 1.44 milyard əhalisi olan Çin və 1,39 milyard əhalisi olan Hindistan müvafiq olaraq dünya əhalisinin 19 və 18 faizini təşkil edir. Çin və Hindistan əhalinin ən sıx yaşadığı ölkələrdir. Təxminən 2023-cü ilə qədər Hindistan əhalisi Çini keçəcək.

BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər Yer kürəsinin sakinlərinin sayı 9,7 milyarda, 2100-cü ilə qədər isə 10,4 milyarda çatacaq.

Eyni zamanda, 2050-ci ilə qədər dünya əhalisinin artımının yarıdan çoxu cəmi 8 ölkədə, o cümlədən Konqo, Misir, Efiopiya, Hindistan və Nigeriyada cəmləşəcək.

M.Arif