Dünya 22:47 21.07.2023

BMT Şimali Kiprin müstəqilliyini tanıyacaq? (ŞƏRH)

"BMT-nin bu məsələyə müsbət cavab verəcəyinə inanmıram. Amma BMT səviyyəsində olmasa da, ondan sonra ayrı-ayrı ölkələr, xüsusən də Türk Dövlətləri Birliyi tərəfindən Şimali Kiprin müstəqilliyi tanına bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Türkiyə Prezidenti Ərdoğanın Quzey Kıbrıs Türk Cümhuriyyətini tanımaqla bağlı BMT-yə etdiyi müraciəti şərh edərkən deyib: 

"Kipr probleminin həllilə bağlı Kofi Annan planı olub.  Bu plan Kiprin federativ dövlətə çevrilməsini nəzərdə tuturdu. Belə təşəbbüsə Quzey Kıprıs Türk Cümhuriyyəti müsbət cavab verdi. Amma yunan Kipri bu ideyanı dəstəkləmədi. Əslində, BMT tərəfindən QKTC-nin tanınmasına o zamandan başlamaq lazım idi. Çünki beynəlxalq ictimaiyyət Kiprdə sülhün və vahid dövlətin olmasında hansı icmanın daha çox maraqlı olduğu və hansı icmanın maraqlı olmadığının fərqində oldu. Təəssüf ki, QKTC-nin tanınması prosesinə o zaman başlanılmadı. Türkiyə həmin dövrdə indiki qədər aktiv və güclü dövlət deyildi. İndi isə Türkiyə özündə bu güc və aktivliyi hiss edir. Xüsusən də NATO-nun son Vilnüs sammitindən sonra Türkiyənin bəzi məsələlərdə bazarlıq edəcəyi gözləniləndir. Bu müstəvidə Türkiyənin Aİ-yə üzvlük məsələsi, QKTC məsələsinin hansısa bir formada həlli ilə bağlı fikirlər səsləndi. Yaranmış vəziyyətdə Ərdoğanın QKTC ilə bağlı BMT-yə müraciət etməsi və Aİ-nin Türkiyənin üzvlük məsələsini yenidən müzakirəyə çıxarması onu göstərir ki, NATO sammitindən ömcə və həmin dövrdə səslənən fikirlər heç də təsadüfi deyilmiş, diplomatik mənbələrə istinadən ictimailləşdirilmiş fikirlərdir. Amma BMT-nin bu məsələyə müsbət cavab verəcəyi məsələsində nikbin deyiləm. Çünki Fransa başda olmaqla, Aİ ölkələri müqavimət göstərə bilərlər”. 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı BMT-ni Quzey Kıbrıs Türk Cümhuriyyətini (QKTC) tanımağa çağırıb: 

"Türkiyə Kiprə sülh və demokratiya gətirdi. Kiprli  türklər gələcəyə daha böyük ümidlə baxırlar. Mən  Birləşmiş Millətlər Təşkilatına tarixi çağırışımı təkrarlayıram: Adanın reallıqlarından üz  döndərməyin və ŞKTR-ni mümkün qədər tez tanıyın”. 

Rüfət Sultan