BMT Təhlükəsizlik Şurası HƏMAS terrorçularının hərəkətlərini pisləmədən İsrail və Qəzza zolağı arasında atəşkəs tələb edən Rusiya qətnaməsini rədd edib.
Bu barədə Qaynarinfo BMT-nin mətbuat xidmətinə istinadən xəbər
verir.
Məlumata görə, minimum doqquz səs tələb olunduğu halda Təhlükəsizlik Şurasına üzv olan beş ölkə Rusiya qətnaməsinin lehinə səs verib. Dörd ölkə əleyhinə, altı ölkə bitərəf qalıb.
Rusiya, Çin, BƏƏ, Qabon və Mozambik sənədi dəstəkləyib. Albaniya, Braziliya, Qana, Malta, İsveçrə və Ekvador bitərəf qalıb.
ABŞ, Böyük Britaniya, Yaponiya və Fransa sənəddə HƏMAS yaraqlılarının İsrailə qarşı hücumu qınanmadığına görə əleyhinə səs verib.
Qətnamə layihəsində dərhal humanitar atəşkəsə çağırış edilib və dinc əhaliyə qarşı istənilən zorakılıq və terror aktları pislənilib, lakin terrorçu qruplardan bəhs edilməyib.
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild səsvermədən sonra çıxış edərək bildirib ki, Rusiya öz qətnaməsini məsləhətləşmədən irəli sürüb.
"Qətnamədə HƏMAS-dan bəhs edilmir, bu barədə bir kəlmə də yoxdur. Rusiya HƏMAS-ı qınamamaqla heç bir günahı olmayan dinc əhalini vəhşicəsinə qətlə yetirən terror qruplaşmasının əməllərini üstünü ört-basdır edir. Bu ağlasığmazdır", - ABŞ-ın BMT-dəki səfiri bildirib.
Nizami Bağırov