"BMT-nin Ukrayna məsələsində hansısa həlledici rol oynaya biləcəyinə o qədər də ümid yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov BMT-nin Ukrayna ilə Rusiya arasındakı gərginliyin zəiflədilməsinə nə kimi töhfə verə biləcəyilə bağlı sualı dəyərləndirərkən deyib. Keçmiş nazir bildirib ki, indi bu məsələ ilə bağlı BMT tərəfindən hər hansı qərarın qəbul edilməsi üçün tezdir:
"Hələlik Ukrayna ətrafında cərəyan edən hadisələr inkişaf prosesindədir. Ona görə də indiki mərhələdə BMT tərəfindən bu mövzu ilə bağlı hansısa qətnamə və ya qərarın qəbul edilməsi tezdir. Digər tərəfdən, BMT kimi beynəlxalq qurumda mürəkkəb vəziyyət ondan ibarətdir ki, Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya istənilən qərara "veto” qoya bilər. Qurumun formatı elədir ki, sözügedən məsələ müzakirəyə çıxarılsa, burada həll deyil, qarşıdurma variantı istər-istəməz qaçılmazdır”.
Tofiq Zülfüqarov bu istiqamətdə digər formatların, xüsusən də Türkiyə kanalının aktivləşə biləcəyini deyib:
"İlk növbədə Türkiyənin bu məsələdə rol alması daha faydalı olar. Bu istiqamətdə bildiyiniz kimi, bəzi görüşlər də nəzərdə tutulur. Ankaranın Kiyev və Moskva ilə əlaqələri yüksək səviyyədədir. Fikrimcə, məhz bu kanal vasitəsilə Ukrayna ilə Rusiya arasındakı gərginlikdə bəzi məsələlər öz həllini tapa bilər. Hər halda düşünürəm ki, gərginliyi aradan götürmək üçün Türkiyə kanalı daha faydalıdır. Məhz Türkiyənin müsbət rolu keçən dəfə də gərginliyin azalmasına səbəb olub. Bəlkə bu dəfə də həmin variant müsbət nəticə verəcək?”
Rüfət Sultan