
Boliviya prezidenti Evo Morales ölkədəki ABŞ səfirliyini bağlaya biləcəyini bəyan edib.
Morales bu bəyanatla Latın Amerikası ölkələrinin liderləri ilə fövqəladə görüşündə və ona dəstək nümayişində çıxış edib. Boliviya prezidenti bildirib ki, ABŞ hökuməti onun təyyarəsi üçün hava məkanını bağlayan Avropa ölkələrinə təzyiq göstərməkdə ittiham etdiyinə görə bu addımı atacaq.
"Mən "Sosializm naminə hərəkat" partiyasının liderləri ilə görüşdüm və onlar məndən tədbir görməyi xahiş etdilər. Lazım gələrsə, mən ABŞ səfirliyini bağlayacam. Bizim ABŞ səfirliyinə ehtiyacımız yoxdur. Əgər onlar daxildən və xaricdən maskalanırsa, bizim əməkdaşlıq və diplomatik əlaqələr kimi bəhanəyə ehtiyacımız yoxdur." - Evo Morales belə deyib.
Qeyd edək ki, Boliviya prezidenti bu bəyanatla Koçabamba şəhərində 5000-ə yaxın tərəfdarının qarşısında çıxış edib. Evo Moralesə dəstək nümayişində Venesuela, Argentina, Uruqvay, Surinam və Ekvador prezidentləri də iştirak edib.
Xatırladaq ki, Boliviya prezidenti Evo Moralesin təyyarəsi iyulun 2-də Moskvadan uçarkən Avstriyanın paytaxtı Vyanada məcburi eniş etmişdi. Fransa və Portuqaliya öz hava məkanından və hava limanlarından Boliviya təyyarəsinin istifadəsinə icazəni geri götürdükdən sonra bu addım atılmışdı. Buna əsas kimi isə ABŞ tərəfindən axtarışda olan Federal Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin Boliviya prezidentinin təyyarəsində olması ehtimalı göstərilirdi.
Qaynar.info