Avropa diplomatiyasının rəhbəri Cosep Borrel bildirib ki, ilkin olaraq 30 000 döyüşçü üçün nəzərdə tutulmuş təlim missiyasının bir hissəsi kimi Avropa İttifaqı ilin sonuna qədər daha 10 000 Ukrayna əsgərinə təlim keçməlidir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında
bildirib.
"Artıq 25 min əsgər hazırlanıb. Missiya oktyabrın sonuna kimi 30 min əsgər hədəfinə çatacaq. Mən ilin sonuna qədər hədəfi 40 minə çatdırmağı təklif edirəm”, - Avropa rəsmisi bildirib.
Borrelin sözlərinə görə, yeni silah növlərinin tədarükü planları nəzərə alınmaqla, Ukrayna hərbçilərinin daha çox ixtisaslaşdırılmış hazırlığa ehtiyacı var. Bununla əlaqədar, Aİ öz missiyası çərçivəsində pilotların F-16 qırıcılarında təlim keçmək imkanlarını araşdırır. Borrel həmçinin Danimarka və Niderlandın gələcəkdə Ukraynaya bu təyyarələri təqdim etmək qərarını alqışlayıb.
Aİ-nin Xarici Əlaqələr Şurası ötən ilin oktyabrında Ukrayna Silahlı Qüvvələrinin "döyüş qabiliyyətinin yaxşılaşdırılmasına yardım etmək üçün” "EUMAM Ukraine” missiyasını yaradıb. Onun proqramına assosiasiyaya üzv ölkələrdə yerləşən mərkəzlərdə Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin "fərdi, kollektiv və ixtisaslaşdırılmış hazırlığı” daxildir. Hərbçilər təlimlə yanaşı, texnika və sursat alırlar.
Missiya komandanı Aİ Hərbi Qərargahının rəisi, vitse-admiral Herve Blejandır. "EUMAM Ukraine”nin mandatı iki ildir, bu müddət üçün planlaşdırılan maliyyələşmə 107 milyon avro təşkil edir.
Nizami Bağırov