Rusiyanın yeni diplomatik əlaqələrini nümayiş etdirmək üçün nəzərdə tutulan və Kremlin təbirincə desək, "həmişəkindən daha vacib” olan təmtəraqlı Rusiya-Afrika sammiti əksər Afrika dövlət başçılarının boykot etdiyi bir vaxtda baş tutacaq.
Qaynarinfo xəbər verir ki, Bu barədə "The Moscow Times”
yazır.
Nəşr qeyd edir ki, Afrikanın 54 ölkəsindən 38-i prezident Vladimir Putinin iştirakı ilə iyulun 27-28-də keçiriləcək sammitə öz liderlərini göndərməyib.
Çərşənbə axşamı prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, dövlət başçıları səviyyəsində yalnız 17 ölkə təmsil olunacaq. Sankt-Peterburqda keçirilən tədbirə daha 10 Afrika dövləti baş nazirlərini göndərib. Sammit iştirakçılarının demək olar ki, yarısı daha aşağı səviyyəli nümayəndə heyətləri göndərib: onlardan 17-nə baş nazirin müavinləri və nazirlər rəhbərlik edir, beşinə isə sadəcə səfir. Beş Afrika dövləti sammitdə iştirakdan tamamilə imtina edib.
"Bütün Afrika dövlətlərinin rəhbərlərinə dəvət göndərilib”, - Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Ozerov bildirib. Onun sözlərinə görə, Moskva getməmək qərarına gələnlərə anlayış göstərir.
"Biz şikayət etməyəcəyik, çünki birincisi, onların dövlət başçılarının iştirakı ilə əvvəlcədən planlaşdırılan başqa tədbirləri ola bilər. İkincisi, kim bacarıbsa, o da bacarıb", - deyə diplomat izah edib.
Uşakovun sözlərinə görə, Putin Afrika dövlətlərinin liderlərinin hər biri ilə şəxsən görüşməyi planlaşdırır. Onun Misir, Mozambik, Burundi, Zimbabve, Uqanda, Eritreya, Mərkəzi Afrika Respublikası, Liviya, Kamerun, Seneqal, Cənubi Afrika, Burkina Faso, Qvineya-Bisau, Mali, Konqo prezidentləri ilə danışıqlar aparması planlaşdırılır. İyulun 28-də Putin böyük nitqlə çıxış edəcək və orada bütün dövlətlərin "çoxqütblü və bərabərliyi” əsasında "yeni dünya nizamı”nın formalaşmasından danışacaq”, - Uşakov bildirib.
Putin sammit ərəfəsində Afrika ölkələrinə Sovet iqtisadi və texniki yardımını xatırladıb, Rusiya-Afrika dostluğunun "güclü və dərin köklərindən” bəhs edən məqalə dərc edib və "yeni dünya nizamında layiqli yer” vəd edib. O, həmçinin Afrika ölkələrinə BMT Təhlükəsizlik Şurası və G20 daxil olmaqla "dünyanın taleyini təyin edən strukturlarda” təmsil olunmağı təklif edib.
Lakin Putinin təklifləri, 2019-cu ilin eyni hadisəsi ilə müqayisədə sammitdə sayı azalan Afrika liderlərini maraqlandırmayıb. Həmin il ölkələrin heç biri dəvətdən imtina etməyib və 45-i prezident və baş nazirlərin başçılığı ilə nümayəndə heyəti göndərib (bu il 27).
Afrika rəsmilərinin məyusluğu təəccüblü deyil: 4 il əvvəl sammitdə Putin onlara ticarət dövriyyəsini iki dəfə artıraraq 40 milyard dollara çatdıracağını vəd etmişdi. Amma əslində ticarətin həcmi artmadı, əksinə, 18 milyard dollara qədər azaldı. Eyni zamanda, Afrikaya gələn xarici sərmayənin cəmi 1%-i Rusiyanın payına düşür, hətta Mavriki adası daha çox sərmayə yatırır.
Afrika Strateji Araşdırmalar Mərkəzinin tədqiqat və strateji kommunikasiyalar proqramının direktoru Cozef Siql qeyd edir ki, Rusiya və Putinə şəxsən Afrikada dəstək səviyyəsi də aşağıdır. "Son sorğular göstərir ki, Rusiya nadir hallarda afrikalıların üçdə birindən çoxunun müsbət reytinqini alır. Rusiya əsasən Rusiyanın varlığından bəhrələnən elitalar arasında "məşhurdur”. Afrika vətəndaşlarının əsas hissəsi Putin və Rusiyaya şübhə ilə yanaşır", - deyə Siql qeyd edir.
Nizami Bağırov