Fransa birinci xanımı Bricit Makron prezident Emmanuel Makronun yanında keçirdiyi təxminən on illik dövr və Yelisey Sarayının parlaq fasadlarının arxasında yaşadığı dərin böhranlar və kədər barədə açıq danışıb.
Qaynarinfo xəbər verir ki, birinci xanım kameraların işığı altında keçən illərin onda iz buraxdığını bildirib.
"Le Tribune Dimanche" qəzetinə verdiyi müsahibədə Bricit Makron Yelisey Sarayındakı gündəlik həyatın çox vaxt heç də parlaq və qlamur olmadığını qeyd edib. O, bəzən heç vaxt olmadığı qədər kədərli olduğunu, əvvəlki illərə nisbətən daha çox pessimizm anları yaşadığını deyib.
"Əvvəllər normal həyatım var idi: uşaqlarım, işim, hər kəs kimi eniş-yoxuşlarım. Burada isə bu on il çox sürətlə keçdi. Çox intensiv idi. Dünyanın qaranlığını, axmaqlığını və bədxahlığını gördüm", deyə o xatırlayıb.
Qeyd edək ki, Bricit Makronıa bağlı indiyədək bir çox iddialar yayılıb. Onlardan ən qalmaqallısı amerikalı influenser Kendis Ouenz tərəfindən yayılan və Bricitin əslində kişi olduğu barədə iddialar idi. Xanım Makron Kendis Ouenzə qarşı böhtan iddiası ilə məhkəməyə müraciət edib və proses hələ davam edir.
Gələn il Fransada prezident seçkiləri keçiriləcək. Emmanuel Makronun səlahiyyət müddəti bitəcək və o, prezident sarayını tərk edəcək. Bir neçə gün əvvəl o, açıqlamasında bildirib ki, vəzifədən getdikdən sonra siyasətlə məşğul olmayacaq.
Aydın
Şərhlər