Rusiya mətbuatının yazdığına görə, BRİCS-in beynəlxalq forumunun prezidenti Purnima Anand bu günlərdə bildirib ki, təşkilat Türkiyə, Misir və Səudiyyə Ərəbistanının hesabına genişlənə bilər. Onun sözlərinə görə, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı BRİCS-ə üzvlük üçün müraciət etməyə hazırlaşır. Bildirilir ki, qərar 2023-cü ildə Cənubi Afrikada keçiriləcək sammitdə verilə bilər. Qurum rəsmisinin sözlərinə görə, hər üç ölkə qoşulmaqda maraqlıdır.
Qeyd edək ki, Çin, Rusiya və Hindistan iyunun 23-24-də Pekində assosiasiya liderlərinin sammitində BRİCS-ə yeni ölkələrin qəbulu imkanlarını müzakirə ediblər. Öz növbəsində, BRİCS-də Rusiya Federasiyasının üzvü Pavel Knyazev əlavə edib ki, hələ assosiasiyaya yeni üzvlərin qəbulu üçün meyarları hazırlamaq lazımdır. İlk olaraq təşkilatın genişlənməsi məsələsini Pekin qaldırıb. Bu təklifi Çinin xarici işlər naziri Van İ səsləndirib. Çinin xarici işlər naziri bu təklifin mahiyyətini belə izah edib ki, təşkilat üzvlərinin sayının artırılması əməkdaşlığın inkişafı üçün daha geniş imkanlar yaradacaq.
Əslində isə Pekinin bu təklifinin arxasında başqa məqamlar yatır. Hazırda Rusiyanın Ukraynaya təcavüzü fonunda Çin ABŞ-ın təzyiqlərilə üzləşib. Vaşinqton Pekinin də sanksiyalara qoşulmasını istəyir. Çin isə Rusiyanın təcavüzkar hərəkətini qəbul etməsə də, onunla əlaqələri kəsmək də istəmir. Bu isə o deməkdir ki, prosesin gedişaatından asılı olaraq ABŞ-ın Çinə təzyiqləri arta bilər. Bu mənada Pekin BRİCS üzvlərinin sayını artırmağı qarşısında hədəf qoymaqla Amerikanın Çinə qarşı təzyiqlərini müəyyən qədər neytrallaşdırmaq istəyir.
Xatırladaq ki, 2011-ci ildə yaranan BRİCS dünya əhalisinin 42 faizini, iqtisadi potensialının isə 24 faizini özündə cəmləşdirib.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən QAFSAM sədrinin müavini Nazim Cəfərsoyun fikrincə, Ankaranın BRİCS-ə üzv olması hələlik aktual deyil:
"Əslində bu məsələ nəbz yoxlamaq üçün gündəmə gəltirilib. BRİCS artıq geosiyasi, geoiqtisadi mahiyyət qazanan təşkilata çevrilməyə çalışır. BRİCS-in genişlənəcəyilə bağlı söz- söhbətlər yeni deyil. Ancaq mövcud konyukturada Türkiyə, Misir və Səudiyyə Ərəbistanının quruma üzv olmaq istəyi xəbərinin nə qədər dəqiq informasiya olduğunu söyləmək çətindir. Çünki bu cür məlumatların yüksək səviyyəli rəsmilər tərəfindən təsdiqlənməsi gərəkdir. Lakin hələlik belə bir təsdiqlənməyə rast gəlməmiik. Türkiyənin BRİCS-ə marağı son 5 ildə artıb. 2017-ci ildə Türkiyənin baş nazir müavini BRİCS-ə maraq göstərdikləri barədə açıqlamalar verdi. 2018-ci ldə isə qurumun CAR-da keçirilən sammitində Ərdoğan da iştirak edib. Ancaq ondan sonra prosesdə bir sakitlik yarandı. Son 5 ildə Ankaranın Moskva ilə münasibətləri dərinləşib. Ancaq bunu Ankaranın Hindistan, Braziliya, Çin və CAR-la münasibətləri barədə söyləyə bilmərik. Türkiyə hələlik Qərblə Şərq arasında balanslı mövqe sərgiləyən ölkə kimi diqqəti cəlb edir. Bu ölkədə son 4 ildə BRİCS-ə üzvlüklə bağlı aktiv fəaliyyəti müşahidə etmirik. Türkiyənin fəaliyyətində bu məsələ aktual şəkildə gündəmə gəlməyib. Ancaq bu gündəmə gəlməyəcək anlamına da gəlməməlidir. Çünki Türkiyənin Qərblə ciddi problemləri var”.
Həmsöhbətimiz adı hallanan 3 ölkədən Səudiyyə Ərəbistanın quruma üzvlük məsələsinin daha real olduğu qənaətindədir:
"Bu günlərdə ABŞ Prezidenti Co Bayden həmin ölkəyə səfəri fonunda vəlihəd Şahzadə Salmanla görüşəcək. Qeyd edim ki, demokratlarla Əl-Riyad arasında ciddi problemlər mövcuddur. Ukrayna məsələsi fonunda Əl-Riyad ABŞ-ın neft hasilatını artırmaqla bağlı tələbinə hələ də cavab verməyib. Baydenin səfəri öncəsi Əl-Riyadın BRİCS-ə üzvlük məsələsinin gündəmə gəlməsi bir qədər Səudiyyənin əlini gücləndirən xəbərdir. Amma Baydenin səfəri fonunda problemlər yoluna qoyulsa, Əl-Riyadın BRİCS-ə üzvlük məsələsi də bir qədər geri plana atılacaq”.
Rüfət Sultan