Dünya 18:04 15.05.2023

Britaniya ukraynalı pilotların təliminə başlayacaq: F-16-ların verilməsi üzərində iş gedir

Böyük Britaniya bu yay ukraynalı pilotların hazırlanmasına başlayacaq və artıq digər ölkələrlə Ukraynaya F-16 qırıcılarının mümkün təchizatı üzərində işləyir.

Qaynarinfo "Yevropeyska Pravda”ya istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin bazar ertəsi yaydığı bəyanatda deyilir.
 
"Daininq strit” xatırladıb ki, fevral ayında baş nazir Rişi Sunak Böyük Britaniyanın ukraynalı pilotlar üçün yeni təlim proqramı hazırlayacağını bəyan edib.

Bu, Ukraynanın NATO standartlarına cavab verən F-16 qırıcıları ilə təchiz edilmiş yeni Ukrayna Hərbi Hava Qüvvələrinin yaradılması üzrə səylərini dəstəkləmək üçün ediləcək.

"Bu yay biz ukraynalı pilotlar üçün əsas təlimin ilkin mərhələsinə başlayacağıq. Biz britaniyalı pilotların istifadə etdiyi proqramı ukraynalılara digər təyyarə növlərinə tətbiq edə biləcəkləri pilotaj bacarıqlarını aşılamaq üçün uyğunlaşdıracağıq", - Britaniya hökumətinin bəyanatında deyilir.

Xatırladaq ki, bazar ertəsi, mayın 15-də Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın paytaxtı Londona səfərə gedib. 

Zelenskinin səfər ərəfəsində Böyük Britaniya hökuməti Ukraynaya 200 km-dən çox mənzilli yüzlərlə yeni hücum pilotsuz uçuş aparatı, həmçinin hava hücumundan müdafiə sistemləri üçün raketlər göndərəcəyini açıqlayıb.

Zelenski bu həftə sonu Roma, Berlin və Parisi ziyarət etdikdən sonra Londona səfər edib. Berlində Ukrayna prezidenti Avropa paytaxtlarına səfərləri fonunda "qırıcılar koalisiyası” haqqında razılaşmasının uğuruna inandığını bildirib.

Nizami Bağırov