Böyük Britaniya SSN-AUKUS tipli 12 yeni nüvə sualtı qayığı inşa etməyi və nüvə başlıqları yaradılması proqramına 15 milyard funt sterlinq (təxminən 20,25 milyard dollar) yatırım etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat
yayıb.
Planlara görə, hər 18 ayda bir yeni sualtı gəmi istehsal ediləcək və 2030-cu illərin sonuna qədər bu gəmilər mövcud yeddi "Astute” sinifli sualtı qayığı əvəzləməlidir. Gözlənilir ki, bu artım Britaniyanın gəmiqayırma sənayesini dəyişəcək və ölkə üzrə 40 mindən çox yüksək ixtisaslı iş yeri yaradacaq.
Nüvə başlıqları üzrə proqram üçün ayrılan vəsait isə AWE-nin (Atom Silahlarının Hazırlanması Mərkəzi) yerləşdiyi Berkişirdəki infrastrukturu əhəmiyyətli dərəcədə müasirləşdirəcək. Bu proqram çərçivəsində 9 minə yaxın iş yeri birbaşa olaraq, həmçinin təchizat zənciri üzrə ölkənin müxtəlif bölgələrində, o cümlədən Şotlandiya və Somersetdə minlərlə yeni iş yeri yaradılacaq.
Britaniya hökuməti bildirib: "Süveren nüvə başlıqları hazırlama proqramı və adi silahlarla təchiz olunmuş yeni sualtı qayıqlar Britaniya və NATO-nun təhlükəsizliyini onilliklər ərzində təmin edəcək”.
Britaniyanın müdafiə naziri Con Hili qeyd edib ki, London Rusiyanın təcavüzünə qarşı qətiyyətli addımlar atmalıdır. Onun sözlərinə görə, sualtı donanmanın genişləndirilməsi Moskvaya Britaniyanın lazım gəlsə döyüşməyə hazır olduğu barədə siqnal olacaq.
Baş nazir Kir Starmer bu gün, 2 iyun, ölkənin müdafiəsinin gücləndirilməsi üzrə strategiya icmalını parlamentdə təqdim edəcək. "The Guardian” qəzetinin məlumatına əsasən, Starmer Rusiyanı "bilavasitə və təcili təhlükə” adlandıracaq və müdafiə qabiliyyətinin artırılması üzrə 62 bəndlik plan təqdim edəcək.
Bu planlara aşağıdakılar daxildir:
silah və yardım avadanlıqlarının ehtiyatlarının artırılması,
7 minədək uzaqmənzilli Britaniya istehsalı silahın alınması,
təxminən 800 müdafiə şirkətinə dəstək,
CyberEM adlı yeni kiberəməliyyat komandanlığının yaradılması,
və rəqəmsal texnologiyaların inkişafına 1 milyard funt sterlinq sərmayə yatırılması.
Alpər
Şərhlər