
Uelsin "Barri Taun" klubu üçün avqustun 1-i xüsusi tarixdir. Çünki 15 il əvvəl bu komanda Portuqaliya nəhəngi "Portu"nu 3:1 hesabı ilə məğlub edib.
Qaynarinfo.Az xəbər verir ki, buna görə uelslilər dolayı yolla da olsa Azərbaycanın "Şəmkir" klubuna minnətdar olmalıdırlar.
Bu barədə Qaret Ceymison adlı uelsli jurnalist keçmişi xatırlayıb: "2001-ci ildə "Barri" Uels çempionu oldu və Çempionlar Liqasına vəsiqə qazandı. Bu mərhələdə Azərbaycan çempionları "Şəmkir" məğlub edildi və Portuqaliya nəhəngi "Portu" ilə üzləşməli olduq.
Uels millisinin sabiq futbolçusu Piter Nikolasın məşqçisi olduğu komanda səfərdə ilk matçda Rikardu Karvalyu, Deko və Jorje Koşta kimi gələcəyin ulduzlarından ibarət kollektivlə qarşılaşırdı. Artıq ilk hissədə portuqaliyalılar 5:0 qalib gəlirdi. Yekun hesab isə 0:8 bitdi. 6 ay sonra "Portu"ya Joze Morinyu gələcəkdi. Həmin vaxtkı məşqçi Oktaviu Maşadu "Cenner Park"dakı 2500 azarkeşin izlədiyi cavab görüşü üçün dəyişikliklər etmişdi. Portuqaliyalı gənclər özlərini göstərmək istəyirdi ki, 18-ci dəqiqədə Junior Rubens hesabı açdı. Li Filips 37-ci dəqiqədə hesabı bərabərləşdirdi. Fasiləyə isə Mayk Flinn "Barri"ni 2:1 öndə getməyinə səbəb oldu. Qari Lloyd penalti qolu ilə komandanın "Portu" üzərində tarixi 3:1 hesablı qələbə ilə meydandan ayrılmasına səbəb olan futbolçudur".
Qeyd edək ki, "Şəmkir" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda 2001-ci il iyulun 11-də Barridə 1992 tamaşaçı qarşısında bu rəqibinə 0:2 uduzub. 1 həftə sonra "Şəmkir" Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 uduzmaqla 7 min azarkeşimizi məyus edib.
Qaynarinfo.Az