Ermənistanın həyata keçirdiyi genişmiqyaslı təxribat istər-istəməz sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində aparılan danışıqları da dalana dirəyə bilər. Bəzi xarici qüvvələrin vəziyyətin bu səpkidə inkişafında maraqlı olduğunu da nəzərə alsaq, danışıqlar prosesinə bir müddət nöqtə qoyulacağı da istisna edilmir. Avropa İttifaqının vasitəçiliyilə aparılan Brüssel danışıqlarının gedişinə təsir edəcəyi də istisna deyil.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov isə nə baş verməsindəna asılı olmayaraq, Brüssel görüşlərinin davamlı olacağını deyir:
"Brüssel görüşünün iflası ilə bağlı söylənilən fikirləri doğru hesab etmirəm. Noyabrda Brüsseldə iki ölkə rəhbərlərinin yenidən görüşü planlaşdırılır. O vaxta qədər Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəsmi şəxslərindən ibarət sülh kommisiyası üzrə işçi heyətinin yaradılması müzakirə edilir. Lakin təəssüf ki, bundan əvvəlki Brüssel görüşlərində, eyni zamanda, Rusiyanın təşkil etdiyi görüşlər ərəfəsində də İrəvan tərəfindən bir neçə dəfə belə təxribatlar baş verib. İrəvan Brüssel və Moskva görüşlərində əldə edilən qərarları yerinə yetirməməkdə davam edir. Nəticədə də prosesin ləngiməsinə səbəb olur. Ona görə də hesab edirəm ki, Ermənistanın təxribatları davam etdikcə, vasitəçi qüvvələr prosesdə real, praktik addımlar atmayınca, vəziyyət gərgin olaraq qalacaq. İrəvanın provokasiyaları davamlı xarakter alacaq. Azərbaycan isə sülhə sadiq olduğunu ortaya qoyur. Bu baxımdan, Brüssel görüşlərinin bundan sonra da davamlı olacağını düşünürəm”.
Rüfət Sultan