Xəbər lenti

Brüsseldəki görüşdə hər hansı qərarın qəbul ediləcəyi gözlənilmir - Politoloq
Siyasət14:11 23.11.2021

Brüsseldəki görüşdə hər hansı qərarın qəbul ediləcəyi gözlənilmir - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan üçün belə görüşlərin hansı formatda keçirilməsindən daha çox, onun məzmunu maraqlıdır. Ölkəmiz üçün əsas odur ki, postkonflikt mühiti dərinləşsin. Yəni sərhədlərin delimitasiya və demarkasiyasına, kommunikasiyaların açılmasına başlanılsın, Ermənistanda hökm sürən revanşizmə son qoyulsun”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov İrəvanın baş nazir Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçiriləcək görüşün fərqli format və müddətlərdə təşkili variantını müzakirə etdiyi haqda bu ölkənin XİN-in mətbuat katibliyinin verdiyi məlumatı şərh edərkən deyib. 
Həmsöhbətimizə görə, bu kimi məsələlərin hansı formatda həll olunacağı isə ikinci dərəcəli məsələdir:
"Hələ ki, ortalıqda iki bəyanat var. Hansı ki, onun gözə görünəni üçtərəfli, gözə görünməyəni isə Türkiyənin hesabına dördtərəflidir. Türkiyə həm kommunikasiyaların açılması prosesinin tərkib hissəsindədir (Türkiyə ilə Ermənistan sərhədi də açılmalıdır), həm sərhədlərin müəyyən olunmasında rolu var, həm də az da olsa, ordusu ilə prosesin içindədir”.
Ekspert qeyd edir ki, Ermənistan üçtərəfli və dördtərəfli formatdan çıxmaq istəyir: 
"Ona görə də İrəvan keçiriləcək görüşlərin fərqli format və müddətlərdə təşkilində maraqlı olduğunu ortaya qoyur. Amma digər formatlar, Minsk Qrupundan başqa legitim deyil. Avropa İttifaqı da legitim vasitəçi deyil. O, ancaq məkan və yaxud hər hansı qəbul olunmuş qərara texniki dəstək verə bilər. Brüsseldəki görüşdə hər hansı bir qərarın qəbul ediləcəyi gözlənilmir. Bu görüş sadəcə yardımçı görüş kimi dəyərləndirilə bilər”.
F. Məmmədov düşünür ki, iki ölkənin münasibətində konstruktivlik yaranacaqsa, bu, ancaq Rusiyanın vasitəsilə həyata keçəcək: 
"Minsk Qrupu isə 26 il ərzində səmərəsiz fəaliyyət göstərib. Müharibədən öncə qrupda təmsil olunan üç dövlətin fikirləri üst-üstə düşürdüsə, artıq Moskvanın daha öndə olması fonunda fikirlərin üst-üstə düşməsi prosesində də müəyyən problemlər yaranıb. Ermənistan rəhbərliyinə ikitərəfli və ya digər ölkələrin iştirakı ilə görüşlər daha çox rahatlıq verəcəksə, Azərbaycan öz konstruktivliyini ortaya qoyaraq bundan imtina etmir. Amma praktika göstərdi ki, ortada olan iki bəyanatın hər biri ancaq müharibə nəticəsində əldə olunub. Bir illik nisbi sülh şəraitində razılaşma olacaqsa, iki ölkənin münasibətlərində yeni konstruktiv gündəlik yaradacaq. Onu da ancaq Rusiya vasitəsilə həyata keçirmək mümkündür”. 
Rüfət Sultan