
Bakının "İnter" klubunun bu mövsüm avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşib.
Qaynarinfo.az-a bu haqda etibarlı mənbə xəbər verib.
Belə ki, klub uzun müddətdir, UEFA-nın İntizam Komitəsinin qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət ünvanlasa da, bu məsələdən bir xəbər yox idi. Nəhayət, saytımız müəyyənləşdirib ki, "İnter"in CAS-a müraciəti daxil olsa da, bu prosesə çox gec, iyulda baxılacaq. Bu isə o deməkdir ki, artıq Avroliqada püşklər atılmış olacaq.
Prosesə gec baxılmasının səbəbi isə CAS-ın gündəliyində ilkin olaraq başqa məsələlərin olmasıdır. Beləliklə, "İnter" bu mövsüm avrokuboklarda iştirak etməməklə cəzasını bitirəcək. Çempionatda "Qəbələ" ilə eyni xal toplayan, lakin şəxsi oyunlara görə IV yeri tutan "İnter"in Avropa Liqasında iştirak etməməsinin dəqiqləşməsi ilə "Kəpəz" və "Neftçi"nin də bu turnirdə iştirakı üçün avtomatik yaşıl işıq yanmış olub.
Bununla belə, komanda köhnə heyətini qorumağa çalışır. Klub Abbas Hüseynov, İlkin Qırtımov, Mirsahib Abbasov və braziliyalı Denis Silva ilə 1 illik müqavilədə razılığa gəlib. Bundan başqa, "İnter" sabiq futbolçuları - ötən mövsüm "Sumqayıt" və "Qəbələ"də çıxış etmiş Səlahət Ağayevlə Samir Zərgərovu sıralarına qatıb. Həmçinin "Sumqayıt"dan Slavik Alxasov, Ağabala Ramazanov, Pərdis Fərcad-Azad, "Qarabağ"dan isə Tərlan Quliyevlə 1 illik anlaşma əldə edilib.