
Bu gün Milli Şuraya daxil qüvvələr protest elektoratla birgə bahalaşmaya etiraz edəcək. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı “Məhsul” stadionunda baş tutacaq. Hökumətin süni bahalaşmaya getməsinə, benzinin qiymətinin artırılmasına etiraz olunacaq. Mitinq saat 14-dən 16-dək davam edəcək. Şuranın sədri Cəmil Həsənli bir gün öncədən əhaliyə müraciət edərək hamını mitinqə çağırıb.
Qurumun Mitinq Komitəsinin və Müsavatın Divan üzvü Tural Abbaslının qəzetimizə verdiyi məlumata görə, MŞ-a daxil partiyalarda nümayişə hazırlıq görülüb, amma meriya gec cavab verib deyə vaxt itkisi yaşanıb. T.Abbaslının fikrincə, bununla belə KİV-də və sosial şəbəkələrdə təbliğat yüksək səviyyədə gedib.
Onun sözlərinə görə, qiymət artımı tək müxalifətə şamil olunmayıb: “Bütün əhalinin bəlasına çevrilən süni qiymət artımına hamılıqla etiraz etməliyik. İnsanlar bilməlidir ki, yanvarda bahalaşma dalğası gələcək. Buna indidən ciddi müqavimət göstərmək lazımdır.
Milli Şura sosial şüarlarla mitinq keçirir, icazəli aksiyadır və vətəndaşlar iştirak edib hökumətə narazılığını ifadə etməlidir. Mitinqin kütləvi keçəcəyini gözləyirəm. Amma hava şəraiti stadionu pis hala salıb, palçıq içindədir. Bu şərtlər altında belə mitinq təşkil olunacaq".
MŞ-nın mitinq komitəsinin və AXCP-nin üzvü Seymur Həzi qeyd etdi ki, 10 mindən çox etirazçının iştirakı gözlənilir: “Mitinq komitəsinin toplantısı oldu və hazırlıqlar tamamlandı. Mitinqdə partiyaların yox, milli bayrağımız dalğalanacaq. Bahalaşma əleyhinə şüarlar səsləndiriləcək”. Komitənin digər üzvü, KXCP sədrinin müavini Xəzər Teyyublu qeyd etdi ki, partiyanın rayon şöbə rəhbərlərinin müşavirəsi keçirilib, hazırlıqlar başa çatıb və ən yüksək səviyyədə mitinq gözlənilir.
Onun fikrincə, sosial xarakterli mitinq olduğu üçün əhali öz probleminə biganə qalmamalıdır: “Milli bayraqlarla nümayişə çıxacağıq. Vətəndaşları hakimiyyətin bu qəddar addımına etiraz etməyə çağırırıq. Dinc şəkildə mitinqi başa vuracağıq və sivil mübarizəmizi nümayiş etdirəcəyik. Xalq onu əzən, seçkidən sonra dərhal süni bahalaşmaya getməklə millətin güzəranını ağırlaşdıran hökumətə sözünü deməlidir”.
Mitinqlə bağlı facebook-da da təşkilatlanma prosesi gedir. Şəbəkədə yaradılmış “Qiymət artımına etiraz edirik” adlı çağırış səhifəsində bəyanat yayılıb. Deyilir ki, qiymətlər qaldırıldı və qarşıdakı aylarda da başqa sahələrdə də qaldırılacağı gözlənilir.
Dekabrın 14-də günün ikinci yarısında isə Baş Prokurorluq mitinqlə bağlı xəbərdarlıq yaydı. Baş prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, mitinq zamanı ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmasına yol verilməməli, mitinq təşkilatçıları və iştirakçıları tərəfindən odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.
Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış vaxtlarda və ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə ictimai qaydanı pozmaqla və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla kütləvi aksiyaların təşkilatçıları barədə müvafiq tədbirlər görüləcək.//musavat.com