Rusiyanın "Azur Air" aviaşirkətinə məxsus, Puketdən Barnaula uçan Boeing 757 təyyarəsi fəlakət siqnalı verib və Çində məcburi eniş edib. Hadisə zamanı təyyarənin göyərtəsində 238 sərnişin olub.
Qaynarinfo "The Moscow Times” nəşrinə istinadla https://t.me/moscowtimes_ru/41764 yazır ki, təcili eniş tələb edən nasazlığın konkret nədən ibarət olduğu barədə məlumat yoxdur. Bu, artıq gün ərzində uçuş zamanı texniki nasazlıqla qarşılaşan üçüncü Rusiya təyyarəsidir.
Yanvarın 23-ü səhər saatlarında Kalininqraddan Moskvaya uçan Boeing 737 təyyarəsi, şassi dayağındakı problemlər səbəbindən "Şeremetyevo" hava limanında qəza enişi edib. Sərnişinlərdən xəsarət alan olmayıb.
Yanvarın 23-nə keçən gecə isə Novosibirskdən uçan "Yakutiya" aviaşirkətinə məxsus Boeing 737-800 layneri Krasnoyarsk hava limanında təcili eniş edib. Təyyarə salonda təzyiqin düşməyə başlaması səbəbindən qəza enişi istəyib.
Qeyd edək ki, Rusiyanın mülki təyyarə qayırma sənayesi dərin böhran içindədir və bunu rusiyalılar özləri də etiraf edirlər. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra "Birləşmiş Təyyarəqayırma Korporasiyası" 100-dən çox təyyarə istehsal etməyi planlaşdırsa da, cəmi bir neçə istismara yararlı layner hazırlaya bilib.
2030-cu ilə qədər Rusiya daşıyıcıları yüzlərlə Boeing və Airbus təyyarəsini istismardan çıxara bilərlər ki, bu da ilk növbədə ehtiyat hissələrinin çatışmazlığı ilə bağlıdır. Bu təyyarələri əvəz edəcək heç nə yoxdur.
Ruslar üçün yeganə ümid qlobal Cənub ölkələri ilə əməkdaşlıq olaraq qalır. Daha əvvəl məlum olmuşdu ki, Moskva Hindistan ilə birlikdə Superjet və İl-114 sərnişin təyyarələrinin birgə istehsalını təşviq edir.
Alpər
Şərhlər