"Ukraynadakı müharibəyə görə təkcə Vladimir Putin deyil, bütün Rusiya cəmiyyəti məsuliyyət daşıyır. Qərbin xüsusi xidmət orqanları Qərbə mühacirət etmiş ruslara diqqət yetirməlidir".
Qaynarinfo xəbər verir ki, bu sözləri "Azadlıq” radiosunun Ukrayna redaksiyasına müsahibəsində Çexiya prezidenti Petr Pavel
deyib.
Çexiya lideri Qərb ölkələrində Rusiyanın Ukraynaya hücumuna görə bütövlükdə rus xalqının deyil, şəxsən Putinin məsuliyyət daşıdığı haqda yayılan fikirləri tənqid edib:
"Bu arqument araşdırılmağa tab gətirmir. Əgər Putinin Rusiya əhalisi arasında əldə etdiyi dəstəyə baxsanız, nə qədər insanın müharibəni dəstəklədiyini, nə qədər insanın müharibənin başqa ölkələrə də yayılmasını tələb etdiyini görərəsiniz. Buna görə də biz bu müharibəni Rusiya müharibəsi adlandırmalıyıq".
Həmçinin Çexiya prezidenti Qərbə köçmüş Rusiya vətəndaşlarına, hətta Rusiyanın Ukraynadakı hərəkətləri ilə razılaşmayanlara qarşı belə daha ehtiyatlı davranmağa çağırıb:
"Müharibə davam etdikcə, Rusiya vətəndaşlarına qarşı təhlükəsizlik tədbirləri normal şəraitdən daha sərt olmalıdır. Qərb ölkələrində yaşayan bütün ruslar keçmişdə olduğundan daha çox nəzarətdə saxlanılmalıdır. Çünki onlar təcavüzkar müharibə aparan ölkənin vətəndaşlarıdırlar. Rusiya vətəndaşlarına qarşı təhlükəsizlik tədbirləri davam etdirilməlidir".
Çexiya prezidentinin sözlərinə görə, Avropadakı ruslara xüsusi xidmət orqanları nəzarət etməlidir.
Aydın