Xəbər lenti

Çin ABŞ-a xəbərdarlıq etdi: “Odla oynayanlar odda yanacaq”
Dünya10:58 01.08.2022

Çin ABŞ-a xəbərdarlıq etdi: “Odla oynayanlar odda yanacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pelosi Tayvanı ziyarət edərsə, Çin ordusu əlini-qolunu sallayıb oturmayacaq.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zao Lijian bildirib. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bazar ertəsi Sinqapurdan Asiya turuna başlayıb.
Tayvanda dayanıb dayanmayacağı ilə bağlı geniş yayılmış spekulasiyalar fonunda, Pelosinin ofisi bazar günü Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyanı əhatə edən Konqresin nümayəndə heyətinin bölgəyə səfərinə rəhbərlik etdiyini bildirib. Siyahıda Tayvanın adı çəkilməyib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zao Lijian, Pelosinin Tayvana səfər etməsinin "Çinin daxili işlərinə kobud müdaxilə" olacağını deyib və bunun "çox ciddi proses və nəticələrə" səbəb olacağı ilə bağlı xəbərdarlıq edib. 
"Bir daha Birləşmiş Ştatlara demək istərdik ki, Çin Xalq Azadlıq Ordusu heç vaxt boş oturmayacaq və Çin öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün qətiyyətli cavablar və güclü əks tədbirlər görəcək", - Zao deyib. 
Çin ABŞ rəsmilərinin Tayvana səfərlərini adadakı müstəqillik tərəfdarı düşərgəsinə ümidverici bir siqnal kimi qiymətləndirir.
Vaşinqtonun Tayvanla rəsmi diplomatik əlaqələri yoxdur, lakin ABŞ ölkə qanunlarına görə, adanı özünü müdafiə vasitələri ilə təmin etmək məcburiyyətindədir.
Prezident kürsüsündə üçüncü olan və Çini uzun müddət tənqid edən Pelosinin bölgəyə səfəri Vaşinqton və Pekin arasında münasibətlərin pisləşməsi fonunda baş tutacaq. Tayvana səfər edən sonuncu Nümayəndələr Palatasının spikeri 1997-ci ildə, Respublikaçı Nyut Qinqriç olub.
Keçən həftə telefon danışığı zamanı Çin prezidenti Si Cinpin amerikalı həmkarı Co Baydenə xəbərdarlıq edib ki, Vaşinqton vahid Çin prinsipinə əməl etməlidir.  "Odla oynayanlar odda yanacaq”,- Si Cinpin deyib. 
Bayden Tayvanla bağlı siyasətinin dəyişmədiyini və Vaşinqtonun status-kvonu dəyişdirmək və ya Tayvan boğazı boyunca sülh və sabitliyə xələl gətirmək səylərinə qəti şəkildə qarşı olduğunu deyib.
Nurlan Hüseynov