Çin hökuməti COVID-19 məhdudiyyətlərini yüngülləşdirdikdən sonra ölkədə 20 yüksək səviyyəli mühəndis və alim dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat
yayıb.
Söhbət 2022-ci il dekabrın 15-dən 2023-cü il yanvarın 4-dək olan müddətdən gedir. Nəşrin məlumatına görə, bu, 2017-2021-ci illər üçün orta illik göstəriciləri üstələyən anormal yüksək ölüm göstəricisidir. 2017-ci ildən bəri hər il orta hesabla 16 akademik, 2021-ci ildə isə 13 ölüm halı qeydə alınıb.
Ölən alimlərin hamısı Çin Mühəndislik Akademiyasının üzvləridir. Onlardan ən kiçiyinin 77, ən yaşlısının 102 yaşı olub. "Müqayisə üçün, 2017-2021-ci illər arasında ildə orta hesabla 16 ölüm qeydə alınıb (2021-ci ildə 13 ölüm)", deyə SCMP-nin materialında akademiyada ölüm statistikasına istinad edilir.
SCMP müəllifi bir elmi qurumun saytından məlumatlara istinad edir, lakin portalda 2023-cü il üçün bu mövzuda heç bir xəbər yoxdur. O, həmçinin SCMP Akademiyasındakı ölüm məlumatlarına birbaşa bağlantılar təqdim etmir.
Akademiklərin ölüm səbəbi açıqlanmayıb. Pekinli bir həkim nəşrlə söhbətdə, akademik ictimaiyyətdə artan ölümün xəstəxanalardakı həddindən artıq sıxlığın nəticəsi ola biləcəyini söyləyib.
"Akademiyanın üzvləri adətən tibbi xidmətə imtiyazlı çıxışa malikdirlər, lakin hazırda onların müalicəsi üçün çarpayı yoxdur", deyə adı açıqlanmayan həkim izah edib.
Çin Xəstəliklərə Nəzarət Mərkəzinin keçmiş baş alimi Zenq Quanqın qiymətləndirməsinə görə, Pekində əhalinin 80 faizindən çoxu koronavirusa yoluxub. Yaşlı alimlərin, mühəndislərin əksəriyyəti paytaxtda yaşayır.
Nizami Bağırov