Antarktida qitəsində qeyri-adi quruluşa malik külək turbinləri quraşdırılıb.
Qaynarinfo xəbər verir ki, "Ecoticias” nəşrinin məlumatına görə, Çin ekstremal Antarktida şəraitində genişmiqyaslı təmiz enerji sistemindən istifadə edən ilk ölkə olub.
Bu sistem bu ilin yazında istifadəyə verilib və həmin vaxtdan etibarən "Çinlin” stansiyasındakı elmi avadanlıqların və yaşayış binalarının fasiləsiz enerji təminatını həyata keçirir. O, ənənəvi dizel generatorlarını əvəz edib. Stansiya bu ilin fevralından fəaliyyət göstərir və Çinin Antarktidadakı beşinci tədqiqat məntəqəsidir.
Məlumata görə, sistemin enerji gücünün 60 faizini günəş və külək enerjisi təşkil edir. Artıq enerji hasilatı zamanı bu sistem donmuş sudan hidrogen hasil edərək onu toplaya bilir. Günəş və küləyin olmadığı dövrlərdə isə yığılmış hidrogen stansiyanı enerji ilə təmin edir və bütün tədqiqat avadanlıqlarının işləməsini mümkün edir.
Hidrogen yüksək təzyiqli çənlərdə saxlanılır və günəşsiz aylar ərzində istifadəyə hazır vəziyyətdə qalır. Bu, mühüm üstünlük sayılır, çünki adi batareyalar enerjini yalnız bir neçə gün saxladığı halda, hidrogen bir ildən artıq müddətə qoruna bilər.
Əsas çətinlik Antarktida şəraitinə uyğun külək turbinlərinin hazırlanması olub. Burada küləyin sürəti saatda 300 kilometrə çatır, temperatur isə mənfi 40 dərəcədən aşağı düşür və günəş yarım il görünmür.
Adətən Antarktidada yerləşən stansiyalar dizel generatorları ilə işləyir, yanacaq isə ildə bir dəfə gəmilərlə və ya hərbi təyyarələrlə gətirilir. Belə şəraitdə adi batareyalar qeyri-effektiv olur, güclü külək isə klassik turbinləri sıradan çıxarır.
Bu problemi həll etmək üçün Çin mütəxəssisləri avadanlıqları karbon liflərindən hazırlayıb və daha qısa, dayanıqlı konstruksiyalardan istifadə ediblər. Çin Qütb Tədqiqatları İnstitutunun baş elmi işçisi Sun Hunbin bildirib:
"Yer kürəsinin ən soyuq, ən qaranlıq və ən uzaq qitəsi üçün sistem qurmaq böyük çağırış idi".
Taiyuan Texnologiya Universitetinin laboratoriyalarında mühəndislər saatda 200–300 kilometr sürətlə küləkləri və mənfi 50 dərəcə temperaturu simulyasiya edərək yeni turbin modellərini sınaqdan keçiriblər. Nəticədə yumurta formalı qanadlara malik radikal quruluşlu turbinlər hazırlanıb. Bu forma külək təzyiqini azaldıb və turbinin ağırlıq mərkəzini aşağı salıb. İkinci modeldə isə ənənəvi forma saxlanılsa da, karbon lifindən hazırlanmış qanadlar ekstremal soyuğa davam gətirə bilir.
Ekstremal soyuq şəraitdə akkumulyatorlar da dəyişdirilib. Adi litium batareyalar donaraq effektini itirdiyindən, mühəndislər istilik qutularına yerləşdirilmiş litium-titanat batareyalardan istifadə ediblər. Bu sistem enerji yığımı və sərfiyyatı zamanı yaranan istiliyi yenidən istifadə edərək akkumulyatorları isti saxlayır.
Taiyuan Texnologiya Universitetinin alimləri bildiriblər ki, hazırda Antarktidadan göndərilən məlumatları davamlı olaraq təhlil edirlər. Onların fikrincə, əgər insanlar qütb şəraitində bərpa olunan enerji ilə yaşaya bilirlərsə, bu texnologiyalar gələcəkdə Yerin digər ekstremal bölgələrində, eləcə də Ayda və ya Marsda sınaqdan keçirilə bilər.
Aydın
Şərhlər