Dünya 16:03 21.03.2024

Çin bankları Rusiyadan yuanla ödənişləri qəbul etməyi dayandırdı - Kreml cavab verdi

İri Çin bankları Rusiyadan yuanla ödənişləri qəbul etməyi dayandırıb və bu cür tranzaksiyaları müştərilərə qaytarmağa başlayıblar. Kreml ödənişlərlə bağlı problemlərə dair nəşrləri gördüyünü və bu məsələni "Çinli dostlarla sıx dialoq” çərçivəsində müzakirə edəcəyinə söz verib.

Qaynarinfo xəbər verir ki, bunu "Birinci Qrup” ASC-nin baş direktoru Aleksey Poroşin deyib.
 
Onun sözlərinə görə, Rusiya ödənişlərindən imtina edənlər arasında ən azı səkkiz kredit təşkilatı var: kapitallaşmaya görə 13 və 15-ci yerləri tutan Ping An Bank və Bank of Nengbo, Great Wall West China, Dongguan Rural Commercial, China Guangfa, Kunshan Rural Commercial, Shenzhen Rural Commercial və China Zheshang.

Materialda qeyd edildiyi kimi, yeni məhdudiyyətlər ikinci dərəcəli sanksiyaların mümkün tətbiqi ilə bağlı narahatlıqlar və ABŞ-ın təzyiqi ilə əlaqədardır.

Bəzi banklar öz müştərilərinə Rusiya ilə yuanla əməliyyatları müvəqqəti dayandırdıqlarını bildirsələr də, bu məlumatı rəsmi olaraq dərc etməyiblər.

Nəşr xatırladır ki, artıq iki ildir Rusiyadan yuanla ödənişlər beynəlxalq iştiraklı banklardan - CitiBank, Standard Chartered Bank, HSBC, JP Morgan, BNP Paribas, Deutsche Bank və Mizuho Bankdan keçmir.

"Yuanla ödənişləri qəbul etməkdən imtina Rusiya şirkətləri üçün hesablaşmaları çətinləşdirəcək", - Anderida Maliyyə Qrupunun təsisçisi Aleksey Tarapovski deyib. Onun sözlərinə görə, ödənişlər bir neçə yolla davam etdirilə bilər: ödənişləri hələ də Çində qəbul edilən Rusiya bankı vasitəsilə, şirkətin Çində və ya başqa "dost” ölkədə filialı, habelə Honq-Konqda tərəfdaşlar açmaqla. Bununla yanaşı, Çinlə müntəzəm işləyən Rusiya şirkətlərinin təxminən 80%-i artıq sanksiyalara məruz qalmayan "dost” ölkələrdə filiallar açıb”, - materialda deyilir.

Bundan əvvəl bildirilmişdi ki, Çində əksər banklar Rusiyadan dollar köçürmələrini qəbul etməyi dayandırıb, həmçinin əlavə çeklər səbəbindən hesablaşmaları gecikdirməyə başlayıb. Bununla belə, milli valyutalarla əməliyyatlar davam edib.

Daha əvvəl bildirilmişdi ki, yuan Rusiya Federasiyasında dolları sıxışdıraraq ən çox satılan valyuta olub.

2023-cü ilin dekabr ayından etibarən Rusiya və Çin qarşılıqlı hesablaşmalarda milli valyutaların payını artırmağa davam edib; 2023-cü ildə ölkələr üçüncü tərəf valyutalarının (dollar və avro) istifadəsindən demək olar ki, tamamilə xilas ola biliblər.

Alpər