XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Çin həddindən artıq istehsal səbəbindən qlobal böhran gözləyir
Dünya16:24 17.08.2026

Çin həddindən artıq istehsal səbəbindən qlobal böhran gözləyir

Çin iqtisadiyyatı dönüş nöqtəsinə yaxınlaşır: ixracın daha da sürətləndirilməsi dünya bazarında tələbin məhdud imkanları ilə toqquşa və yeni ticarət münaqişələri dalğasına səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, "Foreign Affairs" nəşri Çinin iqtisadiyyatının sənaye istehsalından və xarici bazarlardan asılılığını təhlil edərək bu qənaətə gəlib.

Son iki onillikdə Çinin ticarət profisiti rekord həddə çatıb. 2025-ci ildə bu göstərici təxminən 1,2 trilyon dollar təşkil edib. Eyni zamanda, dünya sənaye istehsalının təxminən 30 faizi Çinin payına düşür və 2030-cu ilə qədər bu göstəricinin 45 faizə çata biləcəyi bildirilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qiymətləndirməsinə görə, Çində sənayenin artımının əhəmiyyətli hissəsi dövlət subsidiyaları hesabına təmin edilir.

Nəşr qeyd edir ki, şirkətlər gəlirliliyin azalmasına baxmayaraq istehsalı genişləndirməkdə davam edirlər. Problem xüsusilə avtomobil sənayesində özünü qabarıq göstərir. Çində ildə təxminən 25 milyon elektromobil və hibrid avtomobil istehsal etmək gücündə müəssisələr mövcuddur, halbuki daxili tələbat təxminən 12 milyon avtomobildir. Ümumilikdə ölkənin avtomobil istehsalı gücü ildə təxminən 55 milyon avtomobil təşkil edir.

Çin ixracının artması artıq ticarət tərəfdaşlarına təzyiqi gücləndirir. Avropa İttifaqında Çin istehsalı elektromobillərə rüsumlar tətbiq edilir. Almaniyanın Çinə avtomobil ixracı isə 2022-2025-ci illər arasında 66 faiz azalıb.

"Foreign Affairs"in qiymətləndirməsinə görə, ticarət məhdudiyyətlərinin daha da genişləndirilməsi Çin mallarına xarici tələbatın azalmasına və xammal ixrac edən ölkələrin zərər görməsinə səbəb ola bilər.

Çində investisiyaların əvvəlki dəfə 2012-2015-ci illərdə zəifləməsi zamanı misin qiyməti 40 faizdən, neftin qiyməti 60 faizdən, dəmir filizinin qiyməti isə 70 faizdən çox ucuzlaşıb.

Aydın