Dünya 11:23 23.05.2023

Çin XİN G7-nin Çinin dünya üçün təhlükə olmasıyla bağlı bəyanatını tənqid etdi

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Hua Çunyin Xirosimada keçirilən G7 sammiti liderlərinin Çinin siyasətinin sülh və təhlükəsizliyə təhdid yaratmasıyla bağlı mövqeyini tənqid edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” yazır.

Xanım Huanın fikrincə, Çin hazırda "qlobal iqtisadiyyatın bir nömrəli mühərrikidir" və xüsusilə "Böyük yeddiliyin bütün üzvlərinin birliyindən" daha çox artıma təkan verir.

O, Çinin dünyanın 140-dan çox ölkəsi ilə ticarət və iqtisadi əlaqələr saxladığını və eyni zamanda BMT-nin sülhməramlı əməliyyatlarının maliyyələşdirilməsinə ən böyük töhfə verən ikinci ölkə olduğunu açıqlayıb. "Əgər Çin təhlükədirsə, o zaman suveren dövlətlərlə müharibə aparan, qanuni xarici hökumətləri devirən, çoxtərəfli müqavilələrdən çıxan və digər ölkələri tədarük zəncirlərini kəsməyə məcbur edən bəzi G7 üzvləri nədir?" -  Hua Çunyin əlavə edib.

Xatırladaq ki, G7 ölkələrinin liderləri Çinin iqtisadi təzyiqinə tab gətirmək üçün iqtisadiyyatda vacib olan malların, xüsusən də yarımkeçiricilərin və batareyaların tədarük zəncirinin davamlılığını təmin etmək barədə razılığa gəliblər. Müvafiq qərar Xirosimada keçirilən sammitdə qəbul edilib. Çin Xarici İşlər Nazirliyi buna etiraz edib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Qlobal Cənubun bir çox ölkələrinin (Afrika, Asiya, Latın Amerikası ölkələri) Çin və Rusiyadan məyus olduğunu bildirib.

Nizami Bağırov