Çindən Milana gələn iki reysdə sərnişinlərin təxminən yarısında COVID-19 testi müsbət çıxıb.
Qaynarinfo Sky News-a istinadən xəbər verir ki, bu barədə Lombardiya bölgəsinin səlahiyyətliləri və İtaliya Səhiyyə Nazirliyi məlumat
yayıb.
İtaliya hakimiyyəti Çində koronavirusla bağlı çətin vəziyyəti qiymətləndirərək, bu ölkədən gələn bütün sərnişinlərə COVID-19 üçün məcburi test tətbiq edib. Pekin və Şanxaydan gələn ilk iki reysin testləri Çindən gələn sərnişinlərin təxminən yarısının COVID-19-a yoluxduğunu göstərib. İlk reysdə 92 sərnişindən 35-nin (38%) testi müsbət çıxıb, ikinci reysdə isə 120 nəfərdən 62-nin (52%) testi müsbət çıxıb. İndi ekspertlər aşkarlanmış virusun ştammını müəyyənləşdirirlər, nəticələr bu gün məlum olacaq.
İtaliya ilə yanaşı, Yaponiya, Hindistan, Tayvan, ABŞ və Malayziya da son günlər Çindən gələn turistlərin ölkəyə girişinə müəyyən məhdudiyyətlər tətbiq edib.
Nizami Bağırov