Xaricdə fəaliyyət göstərən çoxsaylı Çin mediası iddia edir ki, son aylarda Çinin Raket Qüvvələri komandanının müavini və ya daha yüksək rütbəli bir neçə general vəzifələrindən kənarlaşdırılıb. Çinli hərbi insayderlər bildiriblər ki, "təmizləmə” əməliyyatı hərbi sirlərin açıqlanması ilə bağlı ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Epoch Times” nəşri
yazır.
Nəşr Tayvanın Newtalk media orqanına istinadən məlumar verir ki, Raket Qüvvələrinin komandanının keçmiş müavini Vu Qohua iyulun 6-da intihar edib. Daha sonra rəsmi daxili sirkulyarda bunun "beyinə qan sızması nəticəsində qəfil ölüm" olduğu bildirilib.
Nəşrlər qeyd edir ki, son bir neçə ildə Pekin yüksək rütbəli generallara qarşı təhqiqatları elan etməkdən imtina edib. Hərbi məmurların "qeyri-təbii ölümlərini” "xəstəlikdən ölüm” adlandırmaq standart təcrübəyə çevrilib. Bu cür "qeyri-təbii ölümlər” çox vaxt Çin Kommunist partiyasının (ÇKP) ali intizam orqanının işə qarışanda baş verir və bəzi intiharlar təqib olunmaq qorxusundan qaynaqlana bilər.
ABŞ-da yaşayan Çin Hərbi Dəniz Qüvvələri Komandanlığının keçmiş polkovnik-leytenantı Yao Çenin məlumatına görə, Si Cinpinin orduda antikorrupsiya siyasəti həyata keçirdikdən sonra Hərbi Dəniz Qüvvələrinin 7 zabiti intihar edib. Onların hamısının "xəstəlikdən öldüyü" elan edilib. İyunun 27-də Çin Raket Qüvvələrinin hazırkı komandanı, 61 yaşlı Li Yuyçao səhər saatlarında ofisindən aparılıb. Keçən yanvarda komandanlığa qədər yüksələn general iyunun sonunda Raket Qüvvələrinin vəzifəyə yüksəltmə mərasimində iştirak etməyib.
Honq-Konqda yerləşən "Ming Pao” nəşri mayın 24-də məlumat verib ki, Raket Qüvvələrinin keçmiş komandan müavini və Mərkəzi Hərbi Şura Qərargahının Birgə İdarəsinin rəis müavini Jan Jençun və Raket Qoşunları komandanının hazırkı müavini Lyu Quanbin aprel ayında vəzifədən kənarlaşdırıblar. Onlar barəsində korrupsiya və ya informasiya sızması faktları ilə bağlı araşdırma aparılır. Sonuncu faktla bağlı artıq Strateji Dəstək Qüvvələrinin komandanı Çyu Tsianşenə ittiham irəli sürülüb. İndiyədək ÇKP Raket Qüvvələrinin rəhbərlərinin istintaq altında olduğunu nə etiraf edib, nə də təkzib.
Qeyd edilir ki, hərbi sirlərin sızması 24 oktyabr 2022-ci ildə ABŞ Hərbi Hava Qüvvələri Universitetinin nəzdindəki Çin Aerokosmik Tədqiqatlar İnstitutunun (CASI) Çinin raket qüvvələri haqqında 255 səhifəlik hesabat dərc etdiyi vaxta təsadüf edir. Hesabatda yüksək səviyyəli komanda sistemindən tutmuş əsas məhsullara qədər Çin raket qüvvələrinin təşkilati strukturu açıqlanır.
Açıqlanmış məlumatlarda bazanın ünvanı, bölmənin əsas funksiyaları, məsul şəxslərin Çin və ingilis dillərində adlarının yazılış qaydaları və bölmə kodu göstərilir. Hesabatda hər bir raket qüvvələri bölməsində komandirlərin fotoşəkilləri, sözləri və münasibətlərini göstərən diaqram var.
Məlumatda həmçinin ölkənin hər yerində raket qüvvələrinin yerləşdirilməsini göstərən Çin xəritəsi də var. Hesabat vahid kodlarının deşifrə edilməsinə dair xüsusi bölmə ilə başlayır.
Yao bildirib ki, hesabat o qədər ətraflıdır ki, onu oxuyanda özü şoka düşüb.
"Məncə, raket qüvvələri Çinin ən məxfi bölməsidir. O zaman düşünürdüm ki, bu cür əhatəli məlumat heç bir peyk tərəfindən müəyyən edilə bilməz və heç bir sıravi əməkdaş onu əldə edə bilməz”, - deyən Yao, məlumatın Raket Qüvvələri Komandanlığından sızdığına işarə edib.
Keçmiş polkovnik-leytenant bildirib ki, o vaxtdan bu məsələni dostları ilə araşdırıb və belə qənaətə gəlib ki, bu sirləri Raket Qüvvələri Komandanı Li Yuyçaonun ABŞ-da təhsil almış oğlu sızdıra bilərdi.
Raket Qüvvələri ÇXR-in "Yas Ordusu” (Moğol imperasiyasının ordusu. - red.) kimi qəbul edilir. 2015-ci il dekabrın 31-də Raket və Strateji Dəstək Qüvvələrinin ilk iclasında Si Cinpin bildirib ki, Raket Qüvvələri "Çinin strateji qarşısının alınmasının özəyi” və Kommunist Partiyasına strateji dəstəkdir.
"Epoch Times”ın hərbi şərhçisi Sya Luoşan bildirib ki, nüvə triadasının raket bölməsi kimi Raket Qüvvələri qlobal hücum qabiliyyətinə malikdir, onun əsas vəzifəsi yer hədəflərinə hücum etmək üçün orta və uzaq mənzilli raketlərdən istifadə etməkdir.
"Lakin onlar [raket qüvvələri] həm də nüvə triadasının ən həssas hissəsidir”, - Sya deyib.
O, daha sonra izah edib ki, Tayvan boğazında hərbi əməliyyatlar baş verərsə, raket qüvvələri zərbə missiyalarının yükünü öz üzərinə götürərək, Tayvanda quruda və dənizdə əsas hədəflərə ilk zərbələri endirəcək:
"Eyni zamanda, onlar [raket qüvvələri] ABŞ və Tayvanın da əsas hücum hədəfinə çevriləcək”.
Yao bildirib ki, müharibə baş verəcəyi təqdirdə ABŞ ilk olaraq Çinin raket qüvvələrini bloklayacaq və ya sıradan çıxaracaq. Xüsusən də Haynan adasının cənubundakı nüvə sualtı qayıqları üçün əsas baza olan Lunpo Hərbi-Dəniz Bazası da daxil olmaqla strateji nüvə raketləri üçün start yerlərini.
Buna görə də raket qüvvələrinin zabit və əsgərləri kifayət qədər qorxu içindədirlər, çünki onlar ABŞ hərbçilərinin öz bazalarına hədəflənmiş zərbəsindən sağ çıxa bilməyəcəklər.
"Raket qoşunlarında müharibə qorxusu ordu, donanma və hava qüvvələrinə nisbətən daha çoxdur. Raket qüvvələrinin əsası qorxuya qapılıb, qeyri-sabitdir", - deyə Yao bildirib.
Cari məsələlər üzrə köşə yazarı Tan Sinyuan da eyni fikirdədir ki, Raket Qoşunlarının kəşfiyyat məlumatlarını sızdırmaq üçün motivi var, çünki bu, Sinin müharibəyə başlamasının qarşısını almaq, həmçinin Raket Qoşunlarının öz həyatlarını xilas etmək üçün təsirli bir yoldur.
"ABŞ ordusu tərəfindən raket qüvvələri barədə kəşfiyyat məlumatlarının yayması ÇKP-yə "Mən sizin əlinizdə hansı kartların olduğunu dəqiq bilirəm, siz bu oyunu oynaya bilməyəcəksiniz və siz qalib gəlməyəcəksiniz" deyən cilovlama strategiyasıdır", - deyə Tan 13 iyulda öz proqramında bildirib.
"Siz təsəvvür edə bilərsiniz ki, ABŞ-dan bu stimul Si Cinpin üçün nə qədər güclü olacaq", - o bildirib.
Nizami Bağırov