Çin sürət rekordlarını alt-üst edə biləcək yeni nəqliyyat layihəsi ilə gündəmə gəlib. "T-Flight" adlanan maqnit levitasiyalı (maglev) və Hyperloop texnologiyası ilə birləşdirilən "uçan qatar” saatda 965 kilometrə çatan sürəti ilə həm yüksək sürətli qatarları, həm də sərnişin təyyarələrini geridə qoymağı hədəfləyir.
Qaynarinfo xəbər verir ki, təyyarələrin karbon emissiyaları getdikcə daha çox tənqid olunduğu bir dövrdə dəmir yolu nəqliyyatı alternativ kimi önə çıxarkən, Çin bu sahədə iddialı bir addım ataraq meqakəndlər arasında səyahət anlayışını kökündən dəyişmək niyyətindədir.
Pekin–Şanxay arası 1,5 saata enə bilər
Manyetik levitasiya texnologiyasına əsaslanan "T-Flight" layihəsi həyata keçirilərsə, Pekin ilə Şanxay arasındakı təxminən 1100 kilometrlik məsafə cəmi 1,5 saata qət edilə bilər. Müqayisə üçün, hazırda bu marşrut üzrə mövcud yüksək sürətli qatarlarla səfər təxminən 6 saat davam edir.
Son sınaqlar "üzən qatar” kimi tanınan T-Flight sisteminin reallığa bir addım daha yaxınlaşdığını göstərir.
Maglev və Hyperloop texnologiyalarının sintezi
"T-Flight" qatarları relslərə toxunmadan, güclü maqnitlər vasitəsilə havada süzərək hərəkət edir. Təkərsiz sistem sürtünməni minimuma endirərək yüksək sürət əldə etməyə imkan verir. Layihənin fərqləndirici cəhəti isə bu texnologiyanın aşağı vakuumlu borularla birləşdirilməsidir.
Bu yanaşma İlon Mask tərəfindən irəli sürülmüş, lakin indiyədək genişmiqyaslı şəkildə həyata keçirilməmiş Hyperloop konseptinə əsaslanır. Məqsəd hava müqavimətini demək olar ki, tam aradan qaldırmaqdır.
Sınaqlarda 623 km/saat sürətə çatıb
2024-cü ilin fevralında keçirilən ilk sınaqlarda "T-Flight" 2 kilometrlik test xəttində 623 km/saat sürətə nail olub. Oktyabr ayında isə sistem aşağı vakuum şəraitində uğurla işə salınıb. Çin dövlət mediası CGTN bu sınaqların texnologiyanın praktik tətbiq imkanlarını təsdiqlədiyini bildirib.
Mütəxəssislərin sözlərinə görə, əldə olunan nəticələr qatarın maksimal sürət və yerdən qalxma göstəricilərinin əvvəlcədən planlaşdırılan parametrlərə uyğun olduğunu göstərir.
Hədəf meqakəndlər arasında gündəlik səyahətdi
Layihənin əsas məqsədi Çinin iri şəhərlərini bir-birinə bağlayaraq, saatlarla davam edən səfərləri qısa gündəlik gediş-gəlişə çevirməkdir. Hava limanlarına çatma və təhlükəsizlik prosedurları nəzərə alındıqda, bu sistemin təyyarə reysləri üçün ciddi alternativ ola biləcəyi vurğulanır.
İkinci mərhələdə 60 kilometrlik test xəttində qatarın saatda 1000 kilometr sürətə çatdırılması planlaşdırılır. Daha uzunmüddətli perspektivdə isə nəzəri olaraq 4000 km/saat kimi sürətlər də müzakirə olunur.
Çətinliklər və sual işarələri qalır
Bununla yanaşı, ekspertlər maglev və vakuum borulu sistemlərin yüksək maliyyət, texniki mürəkkəblik və təhlükəsizlik kimi ciddi çağırışlar yaratdığını bildirirlər. Supersonik sürətlərdə boruda təzyiq itkisi, sərnişinlərin bu qüvvələrə dözümlülüyü və sistemin iqtisadi səmərəliliyi hələ də cavab gözləyən suallar sırasındadır.
Bir sıra ölkələr – ABŞ, Hollandiya, İsveçrə və Yaponiya oxşar texnologiyalar üzərində işləsə də, hazırda Çin bu sahədə ən irəli mərhələyə çatmış ölkə kimi göstərilir.
Günay
Şərhlər