"Netflix" Neil Qeymana qarşı cinsi təcavüz ittihamlarının ardından "Sandman" serialının ikinci mövsümdən sonra bitəcəyini elan edib. Yazıçının digər layihələrinin də oxşar şəkildə ləğv olunması, bu qərarın təsirini daha da artırıb.
Qaynarinfo xəbər verir ki, "Netflix" Neil Qeymanın məşhur fantastik seriyalı "Sandman"ın ikinci mövsümünün yayımlanacağını, lakin bundan sonra layihənin davam etməyəcəyini açıqlayıb. Başqa sözlə, ikinci mövsüm yayımlansa da, serial faktiki olaraq ləğv edilib. Bu qərar, Niel Qeymana qarşı bir neçə qadın tərəfindən irəli sürülən cinsi qısnama ittihamlarının gündəmə gəlməsindən qısa müddət sonra verilib.
İddiaların ortaya çıxmasının ardından "Netflix" "Sandman"ın tanıtımı mövzusunda ehtiyatlı yanaşma sərgiləyib. Bu vəziyyət, serialın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərə səbəb olub. "Variety"nin məlumatına görə, ikinci mövsüm əvvəldən planlaşdırıldığı üçün yayımlanacaq, lakin mövcud vəziyyət nəzərə alınaraq serialın sonlanması artıq qəti qərara çevrilib.
"Sandman"ın şouranneri Allan Haynberq "Variety"yə verdiyi açıqlamada bildirib: "Serial həmişə Dreamın hekayəsinə fokuslanıb və 2022-ci ildə yayımlanan materialdan yalnız bir mövsümlük məzmun qalmışdı. Buna görə də davam etmək mümkün deyildi".
O, Netflix-in yaradıcı heyətə kifayət qədər zaman və resurs ayıraraq serialın orijinala sadiq adaptasiya edilməsinə imkan yaratdığı üçün təşəkkürünü bildirib.
"Netflix" "Sandman"ın gələcəyi ilə bağlı qərarsız qalıb və ilk mövsüm yayımlandıqdan bir neçə ay sonra ikinci mövsümlə bağlı açıqlama verib. Lakin Qeymana qarşı irəli sürülən iddiaların ictimaiyyətə açıqlanması, seriala olan marağı azaltdığından ikinci mövsüm müzakirəyə açılıb.
"Sandman"ən ləğv edilməsi ilə yanaşı, Qeymanın digər ekran uyarlamaları da oxşar problemlərlə qarşılaşıb. "Dark Horse Comics" yazıçının əsərlərindən biri əsasında çəkilən "Anansi Boys" serialının ləğv edildiyini açıqlayıb və gələcək layihələrin də dayandırıldığını bildirib. Bundan əlavə, Qeymanın "Koralayn" adlı əsərinin Böyük Britaniyadakı nümayişi də ləğv edilib.
Bundan əvvəl, Qeymanın 2008-ci ildə nəşr olunan "Məzarlıq kitabı" adlı romanının "Disney" tərəfindən ekranlaşdırılması da dayandırılmışdı. Bundan əlavə, "Amazon" platformasında yayımlanan "Good Omens" serialının üçüncü mövsümünün ləğvi də gündəmdədir.
Aydın
Şərhlər