Xəbər lenti

CNN Qəzza xəstəxanasının partlamasını araşdırdı - Kim vurub?
Dünya10:39 23.10.2023

CNN Qəzza xəstəxanasının partlamasını araşdırdı - Kim vurub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabrın 17-də Qəzza şəhərindəki xəstəxanada baş verən partlayışa İsrailin hava hücumu deyil, Qəzza zolağından atılan raket səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN-nin araşdırmasında bildirilib. 
Nəşr qeyd edir ki, o, bir sıra ekspertlərlə birlikdə ictimaiyyətə açıq olan onlarla şəkil və videonu, həmçinin peykdən çəkilmiş görüntüləri təhlil edib və partlayışa nəyin səbəb olduğuna dair bəzi ipuçları əldə edib.
"Hadisə yerinə daxil olmaq və hadisə yerindən dəlil toplamaq imkanı olmadan heç bir nəticə qəti ola bilməz. Lakin CNN analizi Qəzzadan atılan raketin havada partladığını və raketin bir hissəsinin xəstəxana kompleksinə düşməsi nəticəsində xəstəxananın partlamasının baş verdiyini göstərir.
Vizual sübutları nəzərdən keçirmiş, partlayışın zərərini qiymətləndirən illərlə təcrübəyə malik silah və bomba mütəxəssisləri CNN-ə bildiriblər ki, onlar bunun ən çox ehtimal olunan senari olduğunu hesab edirlər, baxmayaraq ki, hadisə yerində döyüş sursatı qalıqlarının və ya qəlpələrin olmaması onların əmin olmağını çətinləşdirir. Hər kəs hadisə yerindəki dəlillərin İsrailin hava hücumuna uyğun gəlmədiyi ilə razılaşır", - araşdırmada deyilir.
Xüsusilə CNN ölümcül partlayışdan əvvəl oktyabrın 17-də axşam Qəzzanı işıqlandıran qaranlıq səmada işıq çaxmasına diqqət çəkib.
Qəzzanın qərbində yerləşən, şərqə baxan və Əl-Cəzirə kanalında canlı yayımlanan kadrlarda Qəzzadan atılan raketin yerli vaxtla saat 18:59-da yuxarı trayektoriya ilə hərəkət etməsi və daha sonra istiqamətini dəyişərək qısa, parlaq bir iz buraxaraq partladığı görünür. Bir neçə dəqiqə sonra yerdə iki partlayış görünür, onlardan biri Əl-Əhli Baptist Xəstəxanasının yaxınlığında baş verib.
Kameranın mövqeyini yoxlayaraq, CNN raketin Qəzza şəhərinin cənubundakı bölgədən atıldığını müəyyən edə bilib. CNN-in Əl-Cəzirə kanalının canlı yayımı ilə sinxronlaşan Tel-Əvivdə Qəzzaya doğru cənuba baxan veb-kameradan çəkilmiş görüntülərdə partlayışdan qısa müddət əvvəl Qəzzadan atılan raketlərin səsi əks olunub.
Bir neçə silah üzrə ekspert CNN-ə bildirib ki, "Əl-Cəzirə”nin videosunda raketin xəstəxana ərazisində partlamadan əvvəl səmada yanması göstərilib, lakin trayektoriyanın hesablanmasının çətinliyi səbəbindən onlar iki hadisənin bir-biri ilə bağlı olduğunu dəqiq deyə bilməyiblər. 
"Hesab edirəm ki, belə də olub - raket sıradan çıxıb və tam olaraq yerə düşməyib. Çox güman ki, hansısa səbədən raket havada parçalanıb və raketin korpusu avtodayanacağa düşüb. Orada qalıq yanacaq alovlanıb və xəstəxanada olan avtomobilləri və digər yanacaqları alışdıraraq, gördüyümüz böyük partlayışa səbəb olub”, - NATO və Aİ üçün təhlillər üzərində işləyən avropalı raket eksperti Markus Şiller deyir. 
Sosial şəbəkələrdə raketin düşməsinin səbəbinin İsrailin "Dəmir günbəz” müdafiə sistemi ola biləcəyi ilə bağlı fikirlər səslənib. Lakin ekspertlər başqa bir raketin ələ keçirilməsinə dair heç bir sübutun olmadığını, İsrail isə Qəzzada sistemdən istifadə etmədiyini deyir.
Qəzzada CNN üçün işləyən müstəqil jurnalist ertəsi gün hadisə yerinə baş çəkib, şahidlərlə söhbət edib və təxminən 3x3 fut enində və bir fut dərinliyində partlayış kraterini sənədləşdirərək partlayışın radiusunun ətraflı videosunu çəkib. 
Səkkiz silah və partlayıcı maddə üzrə mütəxəssis, CNN-in hadisə yerindən çəkilmiş görüntülərini nəzərdən keçirərək, kraterin kiçik ölçüsü avia bombası ilə uyğun gəlmədiyi ilə razılaşıblar. Onlar hesab edirlər ki, aviabomba yerdəki obyektlərin çoxunu məhv edərdi. Bir çoxları bildiriblər ki, dəlillər partlayışın raketlə törədilməsi ehtimalına işarə edir.
Silah üzrə ekspert Kris Kobb-Smit bildirib ki, xəstəxanada baş verən partlayışa görə kimin məsuliyyət daşıdığının müəyyənləşdirilməsinin böyük hissəsi dağıntılar altında hansı qalıqların tapıldığından asılı olacaq.
"Biz video yazıları təhlil edə bilərik, audioya qulaq asa bilərik, lakin son cavab ora daxil olan, dağıntıları eşələyən və sursatın qalıqlarını tapan şəxs və ya komandadan gələcək", - Kobb-Smit deyir. 
Eyni zamanda, CNN qeyd edir ki, hələ də davam edən müharibə səbəbindən müstəqil ekspertlərin oraya gəlməsi çətin olacaq.
Keçmiş hərbi kəşfiyyat analitiki və BMT-nin müharibə cinayətləri üzrə müstəntiqi Mark Qarlasko bildirib ki, Əl-Əhli xəstəxanasının yerində dəlil çatışmazlığı əlamətləri var.
"Potensial müharibə cinayəti yerini araşdıranda ilk işim sursat qalıqlarını tapıb müəyyən etməkdir. Silah bunu kimin və necə etdiyindən bəhs edir. Mən heç vaxt cinayət yerində silahlara dair fiziki sübutların belə azlığını görməmişdim. Heç vaxt. Partlayışdan sonra həmişə bomba qalıqları qalır. Müharibə cinayətlərini araşdırdığım 20 il ərzində ilk dəfədir ki, hansısas silah qalığını görmürəm. Mən isə Qəzzada üç müharibədə işləmişəm",  - Qarlasko bildirir.
Xatırladaq ki, oktyabrın 17-də Həmas yaraqlıları İsrailin Qəzza zolağında Əl-Əhli xəstəxanasını vurduğunu yüzlərlə insanın öldüyünü, İsrail ordusu isə partlayışın Fələstinin uğursuz raket atışı nəticəsində baş verdiyini bildirib.
Nizami Bağırov