CNN Türkiyə istehsalı olan "Bayraktar Tb 2” dronları haqqında material dərc edib.
Məqalədə deyilir ki, bayraktarlar Ukraynada böyük məşhurluq qazanıb.
Ona mahnı həsr olunub və indi bir çox ukraynalı ev heyvanlarının adını Bayraktar qoyur.
Keçən ay Kiyev meri şəhər zooparkında təzə doğulan lemura "Bayraktar” adı qoyulduğunu açıqlayıb.
Ukrayna xarici işlər naziri isə Kiyevdə polis itləri təlim mərkəzində yeni doğulan itə "Bayraktar” adı verildiyi ilə bağlı tvitter paylaşımı edib.
Qərb və Ukrayna rəsmiləri müharibənin başlanğıcından "Bayraktar” dronlarının Rusiya hücumunun qarşısını almaqda oynadığı rola görə tərifləyirlər.
"Bayraktar” dronları Ukrayna sosial media kampaniyasının əsas elementinə çevrilib.
Xatırladaq ki, Rusiya Türkiyənin Ukraynaya satdığı "Bayraktar” dronlarına görə gileylənir. Müharibə ərəfəsində Kreml sözcüsü Dmitri Peskov "Bayraktar”ların regionda sabitliyi pozduğunu bildirmişdi.
CNN-ə danışan "Baykar” texnologiya şirkətinin rəhbəri və "Bayraktar” dronlarının yaradıcısı Səlcuq Bayraqdar dronların müqavimət simvolu olduğunu və insanlara ümid verdiyini bildirib.
"İnsanlar öz vətənlərini qeyri-qanuni işğaldan qoruyur və müqavimət göstərir... Əgər sən müstəqillik istəyirsənsə, Ukrayna xalqı və rəhbərliyi kimi öz ölkəni qorumaq üçün ayağa qalxmağı və müqavimət göstərməyi bacarmalısan”, - Səlcuq Bayraqdar CNN-ə açıqlamasında bildirib.
Qeyd edək ki, "Baykar” şirkəti 19 ölkə ilə dronların satışı üçün razılaşma imzalayıb. Keçən il Türkiyə müdafiə sənayesi 3 milyard dollarlıq dron satışı qeydə alıb.
Nurlan Hüseynov