Rusiyanın Ukrayna ərazisinə 3 aylıq genişmiqyaslı hərbi müdaxiləsindən sonra gələn il Rusiya büdcəsinə daxil olan gəlirlər dörddə bir azaldıla bilər.
Söhbət neft ticarətinə təsir edən sanksiyalardan gedir.
Qaynarinfo xəbər verir ki, bu proqnozu iqtisadi analitik Mixail Krutixin "Xodorkovski LIVE” efirində
səsləndirib.
"Rusiyada neft emalı zavodları tamamilə və ya qismən bağlana bilər. Çünki Avropa artıq Rusiya neft məhsullarının əvvəlki həcminə ehtiyac duymayacaq. Nəticədə neft şirkətləri hasilatı azaltmağa, quyuları bağlamağa məcbur olacaqlar", - ekspert bildirib.
Krutixin qeyd edib ki, "Rosneft”in Samara və Orenburqdakı törəmə şirkətləri artıq hasilatı 40% azaldıb.
"Samara və Orenburqda "Rosneft"in törəmə müəssisələri artıq hasilatı 40% azaldıb. Rusiyanın aparıcı neft regionu olan Xantı-Mansi Muxtar Dairəsində hasilat 26% azalıb", - ekspert qeyd edib.
Onun fikrincə, Avropanın Rusiya neftindən imtinası davam edəcək və bu il Rusiya neft hasilatının təxminən 30%-ni itirəcək.
Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketi: məlum olanlar
Mayın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarının altıncı paketini, o cümlədən neft embarqosu və Sberbank-ın SWIFT-dən ayrılmasını təqdim edib.
Macarıstan Rusiya neftinin tədarükünə qadağa qoyulmasının əleyhinədir.
Mayın 29-da Bloomberg mənbələrə istinadən xəbər verib ki, Avropa Komissiyası Aİ ölkələrinə Rusiya neftinin dəniz yolu ilə idxalından imtina etməyi təklif edir, eyni zamanda onun əsas Drujba boru kəmərindən idxalına qoyulan məhdudiyyətləri təxirə salır.
Daha sonra Avropa İttifaqı Rusiya neftinə qismən embarqoya razılaşıb.
Rusiya neftinin Aİ-yə ixracını qadağan edən saziş Rusiyadan neft idxalının 2/3-dən çoxunu əhatə edir və bu, onun hərbi maşını üçün əhəmiyyətli maliyyə mənbəyini azaldır.
Bundan əlavə, Avropa sanksiyalarının yeni paketinə Rusiya "Sberbank”ının SWIFT beynəlxalq banklararası sistemindən çıxarılması, Rusiyanın daha üç dövlət yayımçısının Aİ-də yayımının dayandırılması və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi daxildir.
Avropa Şurasının rəhbəri Çarlz Mişel Rusiyaya qarşı sanksiyaların iyunun 1-i və ya 2-də elan oluna biləcəyini bildirib.
1 iyun 2022-ci ildə Fransa prezidenti Emmanuel Makron 2022-ci ilin sonuna qədər Avropa İttifaqının Rusiya neftinin idxalını 92% azaldacağını açıqlayıb. Makron qeyd edib ki, o, həmçinin Rusiyadan Aİ-yə qaz nəqlinə embarqonun qoyulacağını istisna etmir.
Alpər