Hüquq-mühafizə orqanları Ermənistan parlamentinin hakim partiyadan olan deputatı, keçmiş səhiyyə naziri Arsen Torosyanı tezliklə həbs edə
bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Joqovurd” qəzeti öz mənbələrinə istinadən
yazır.
Nəşr qeyd edir ki, İrəvanın vitse-meri Gevorq Simonyanın dünənki həbsindən sonra Torosyanın ətrafında halqa getdikcə daralır.
Qəzetin yazdığına görə, istintaq orqanı Torosyana şahid qismində dindirilmək üçün bildiriş göndərmək niyyətindədir. Mümkündür ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Torosyanın toxunulmazlıqdan məhrum edilməsi və cinayət təqibi ilə bağlı sonradan parlamentə vəsatət təqdim etmək üçün Baş Prokurorluğa müraciət edə bilər.
Torosyan nazir olduğu vaxt saxlanılan vitse-mer onun müavini olub. Müstəntiqlərin fikrincə, Simonyan 2020-2022-ci illərdə nazir müavini postunu tutarkən koronavirusla mübarizə zamanı rəsmi öhdəliklərini yerinə yetirməyib, nəticədə dövlətə xeyli ziyan dəyib. Məmur martın 10-u axşam saatlarında saxlanılıb. Martın 11-də məhkəmə onun həbsi ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin vəsatətinə baxır.
Qəzetin yazdığına görə, bu iş çərçivəsində müstəntiqlər bir vaxtlar həm də Torosyanın "müavini” olmuş və pandemiyaya qarşı mübarizəni koordinasiya edən Dövlət Gəlirləri Komitəsinin sədr müavini Artyom Smbatyan da daxil olmaqla, geniş kütləni dindirib və dindirməkdə davam edir. Səhiyyə Nazirliyinin aparatının keçmiş rəhbərləri dindirilib, onlardan Lusine Köçəryan və Tsaxik Vardanyan hətta qarşıdurmada iştirak ediblər. Müstəntiqlər həmçinin koronavirus xəstələrinə xidmət göstərən beş tibb müəssisəsinin direktorlarını dindiriblər. Nəşrin məlumatına görə, dindirilənlərdən bəziləri Torosyanın əleyhinə ifadə verib.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bir qədər əvvəl bildirib ki, həyata keçirilməsi üçün dövlətin ehtiyat fondundan 26 milyard dram (təxminən 65 milyon dollar) ayırdığı COVID-19-la mübarizə üzrə dövlət proqramı çərçivəsində Simonyan tibbi yardımın və maliyyə axınlarının bölüşdürülməsi üzrə koordinasiyaya cavabdeh təyin edilib. COVID-19-un diaqnostikası, müalicəsi və aşkarlanması üzrə xidmətlərə görə dövlətdən kompensasiya alan tibb müəssisələrinin siyahısı təsdiq edilib. Onların arasında həmçinin Medline Clinic tibb mərkəzi də olub ki, onun direktoru Babken Şaumyan tibb mərkəzində müalicə alan 385 xəstənin tibbi sənədlərini saxtalaşdırmaqda təqsirli bilinib. Bununla əlaqədar olaraq, klinika saxta tibbi sənədlər əsasında göstərilməyən xidmətlərə görə 300.000 dollardan çox pul alıb. Şaumyanın qohumu olduğu Simonyan eqoist maraqlarına görə, edilən sui-istifadələrə göz yumub. Dövlətə dəymiş ziyanın məbləği 119 milyon 5 min dram təşkil edib. Martın 11-də Şaumyanın saxlanması barədə məlumat yayılıb. Ümumilikdə 11 nəfər saxlanılıb.
Alpər