Xəbər lenti

Cümə günü özünü yandıran gəncin manifesti… - ARAŞDIRMA
Dünya20:17 06.01.2014

Cümə günü özünü yandıran gəncin manifesti… - ARAŞDIRMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aqil ƏLƏSGƏR

"Ərəb baharı"nın qığılcımı: Muhammed Buazizi  

4 yanvarda yatdığı xəstəxanada vəfat etdi. Xəstəxanaya gəliş tarixi 17 dekabr idi. Nəinki ölkəsini, bütün Ərəb dünyasını qarışdıran, 30-40 ilin tiranlarının sarayını alt-üst edən bu gəncin özünü dekabr ayında yandırması, bəlkə də, bir təsadüf idi. Amma ortada artıq bir real tarixi səhnə var: O, bu addımı ilə Rusiyada I Nikolaya qarşı 14 (yeni təqvimlə 26 ) dekabrda baş verən Dekabristlər üsyanından günümüzə qədər olan bütün "Dekabr üsyanları" xronologiyasına öz adını yazdırdı. 2000-ci ilin dekabrında Çilinin sabiq diktatoru Augusto Pinoçetin iqtidarı dönəmindəki cinayətlərə görə, həbsinə qərar verildiyindən sonra XXI əsrdə diktaturaya qarşı ən böyük üsyan idi bu... 

Bir çoxlarımız düşüncələrimizi toplasaq da, yada salmaq istədiyimiz hadisə, əslində, heç bir iqtidarın xatırlanmasını istəmədiyi bir olay idi. Bu səbəbdən də üç-beş əsr öncəki yanğınlardan danışılsa da, yada salınması arzulanmayan şəxsdir Muhammed Buazizi (Bouazizi)... 

Özünü yandırana qədər meyvə-tərəvəz satan sıradan bir insandı Muhammed Buazizi...

Qədərin cilvəsinə bax ki, qosqoca ərəb diktatorlarını yerindən oynadan, saraylarını başlarına yıxan da o idi: Muhammed Buazizi...

Əslində, Tunisdə 23 illik Bin Ali iqtidarının sonunu gətirən bu hadisə bütün iqtidarlar üçün bələdçi olmalıdır...

Tunis niyə qarışdı? 

Tunisdə Qanadakı kimi aclıq və səfalətmi varmıydı? Xeyr. Tunis digər ərəb ölkələrindən fərqli olaraq, stabil iqtisadiyyatına görə seçilən, əhalinin yaşayışı digər ərəb dövlətlərindən daha yaxşı idi...

Tunisin hər tərəfində göydələnlər tikilib, ölkə yenidən inşa edilirdi... Əhalinin əksəriyyətinin iqtisadi durumu ağır olsa da, iqtidara qarşı çıxmağı düşünmürdü...

Rüşvətxorluq, korrupsiya, azad mətbuatın olmaması insanları narahat etsə də, Zeynal Abidin Bin Alini taxtından endirəcək səviyyədə deyildi. Heç kim səsini çıxarmadan gününü yola verirdi...

Ölkədə polis dövləti qurulmuşdu. 10 milyonluq ölkədə 150 min nəfərlik polis ordusu vardı... Yəni hər 66 nəfərdən biri polis idi...

Etiraz edənlər həbslərə atılır, bütün xoşagəlməyən səslər susdurulurdu...

Məmur özbaşınalığı xalqın canını boğazına yığsa da, bu səs qəzet səhifələrində əksini tapa bilmirdi. Hətta Muhammed Buazizinin ölümündən sonra etiraz edən gənclərin üzərinə atəş açan, yüzlərlə insanı həbsxanalara atan Bin Ali sadəcə təriflənirdi. Lakin Muhammed Buazizinin ölümündən sonra susmayanlar iki silahdan istifadə edərək, “Ərəb baharı”nın fitilini odladılar:

- Cib telefonları

- Sosial şəbəkələr

Nəticədə üsyan görüntülərini cib telefonları ilə çəkib sosial şəbəkələrdə paylaşanlar Bin Alinin geri çəkilib, 2014-cü ildə namizədliyini irəli sürməyəcəyi vədi ilə də razılaşmadılar və ölkəni idarə edən Zeynal Abidinin Bin Ali və Leyla Əl-Trablusi qaçdılar.

Bəs Muhammed Buazizi kimdi və niyə özünü yandırdı? 

Əsl adı Tarık əl Tayyib Muhammed Buazizi olan bu gənc 1984-cü ildə anadan olmuşdu. Meyvə-tərəvəz satan səyyar satıcı idi.  Ailəsini dolandıracaq tək çörək ağacı olan arabası qadın polis tərəfindən əlindən alındıqdan sonra, hələ bu azmış kimi bu çiyni ulduzlu qadının ona xalqın içində vurduğu şillə bütün olanların başlanğıc nöqtəsi oldu. Bəli, qadın polis halal zəhməti ilə çörək qazanan bir vətəndaşı küçənin ortasında təhqir etdi

Anası Mannoubia deyir ki, 3 yaşından atasız qalan Muhammed 12 yaşından etibarən küçədə səyyar meyvə-tərəvəz satırdı. Əmisi ilə birlikdə çalışan 27 yaşlı gənc əslində heç bir qanunsuz iş görməmişdi. Lakin rüşvət almağın ənənə halına gəldiyi Tunisdə qanunun qadağa etmədiyi işlərdən belə rüşvət alınırdı. Buna etiraz etdiyi üçün qadın polis tərəfindən təhqir olundü. Üzünə tüpürüldü. Söyüldü. Şillələndi. Və çörək ağacı qanunsuz olaraq, əlindən alındıqdan sonra valiliyin qapısına gələrək, haqqını aradı... Əlindən alınaraq, valiliyin önünə gətirilən arabanın üstünə çıxaraq, valiliyə qarşı “qapını açıb, məni dinləyin, yoxsa özümü yandıracam” dedi... Valilikdən kimsə bu hayqırışı duymadı və ya duymaq istəmədi... Özünü yandırandan sonra belə qapılar açılmadı... 

Göz yaşları içində anladır anası Mannoubia Buazizi: “Biz Tunisin güclü Aziz əşirətindənik və bu xəbər əşirətə çatar-çatmaz  qohumlarımız “Biz Muhammed Buaziziyik”, - deyə valiliyə yürüdülər... Valilik “oyanan”da artık bütün Sizi Bouzid (Muhammedin yandığı şəhər) ayaqdaydı... Valilik bizə rüşvət təklif etdi. Mənimlə və əşirət başçıları ilə görüşən vali:  “Nə qədər istəsəniz, verərik, xalqı sakitləşdirin”, - dedilər. Biz bu iyrənc təklifi rədd etdik. Sonra Tunis prezidentinin yaxını gəlib məni saraya apardı. Sarayda 19 gün nəzarət altında saxlanıldım. Oğlum xəstəxanada öldüyüm gün prezidentin qohumlarından biri mənə böyük bir rüşvət təklif etdi. Mən qəbul etmədikdə, “o zaman cənazəni gecə alacaqsınız, gündüz deyil” dedilər..."

Ana Buazizi deyir: "Oğlum özünü cümə günü yandırdı, Bin Ali cümə günü ölkədən qaçdı. Mübarək də cümə günü yıxıldı. Qəddafinin cənazəsi də cümə günü idi”. 

Cümə günü yetimləri sevindirmək varkən, o gün Muhammed Buazizi təhqir edildi. Tunisdə hər gün yüzlərlə insan məmurlar tərəfindən təhqir edilərkən, sadə bir meyvə-tərəvəzçi bütün hadisələrin axışını dəyişdirdi... 

Qurani-Kərimdə buyurulan “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər”. (Nisa surəsi, 10) ayəsi nəinki Tunis, bütün ərəb dünyasına bir dərs oldu. 30-40 illik xanədanlıqlar bir-bir yıxıldı... 

Hər bir tiranlığın bir Muhammed Buazizisi, hər bir iqtidarın bir cüməsi mütləq var. Bu hadisə bir daha sübut etdi ki, bəzən heç bir güc yazılanın önünə keçə bilmir. Nə etməli? Yaşananlardan dərs çıxarılmalı, sadəcə...

 

Aqil ƏLƏSGƏR

Qaynar.info