Avropa İttifaqına (Aİ) üzv ölkələr Bolqarıstanın 2026-cı il yanvarın 1-dən etibarən avro pul vahidinə keçməsini təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, Aİ Şurası üzv ölkələrin maliyyə nazirlərinin Bolqarıstanın gələn ilin əvvəlindən avrodan istifadə etməyə hazır olduğu qənaətinə gəldiklərini açıqlayıb.
Açıqlamada deyilir: "Aİ Şurası bu gün Bolqarıstanın 1 yanvar 2026-cı ildə avroya keçməsi üçün tələb olunan son 3 hüquqi tənzimləməni qəbul etdi".
Bolqarıstanın Avrozonanın 21-ci üzvü olmaq üçün lazım olan prosesi tamamladığına diqqət çəkilən açıqlamada, bu məqsədlə ölkənin intensiv və genişmiqyaslı hazırlıqlar apardığı xatırladılıb.
Qəbul edilən hüquqi tənzimləmələr çərçivəsində 1 avro üçün 1,95583 lev olmaqla avro ilə Bolqarıstan levi arasında çevrilmə məzənnəsinin müəyyən edildiyi bildirilib.
Bu gün Avropa Parlamenti (AP) üzvləri də Bolqarıstanın avroya keçidini dəstəkləyib. Avropa Komissiyası və Frankfurt mərkəzli Avropa Mərkəzi Bankı (AMB) ötən ay, 2007-ci ildən Aİ üzvü olan Bolqarıstanın 2026-cı ilin əvvəlində avroya keçməyə hazır olduğunu açıqlamışdı.
Avro 1999-cu ildə elektron formada dövriyyəyə buraxılıb və 2002-ci ildə bu valyutanı qəbul edən Aİ ölkələrində yeni əskinas və sikkələr istifadəyə verilib. Hazırda Avropada təxminən 340 milyon insanın istifadə etdiyi avro Avropa pul vahidi "ekü" və "avro" adları ilə də tanınır. Ən son 2023-cü ildə Xorvatiyanın avroya keçməsi ilə Avrozonaya üzv ölkələrin sayı 20-yə çatmışdı.
Avrozonaya daxil olan ölkələrin pul siyasəti Frankfurtda yerləşən Avropa Mərkəzi Bankı tərəfindən həyata keçirilir.
Aydın
Şərhlər