İdman 00:55 15.12.2022

DÇ-2022-də finalın adı: Fransa - Argentina

Qətərdə keçirilən dünya çempionatında sonuncu finalçının adına aydınlıq gəlib.

Qaynarinfo-nun məlumatına görə, yarımfinalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub.

Matçda hesab erkən qolla açılıb. 5-ci dəqiqədə Teo Ernandes komandasını önə keçirib. 79-cu dəqiqədə isə Randal Kolo Muani ikinci topu afrikalıların qapısından keçirməklə son nöqtəni qoyub.

Beləliklə, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər. Bir gün öncə isə Mərakeş və Xorvatiya seçmələri 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.

Qeyd edək ki, Fransa yığması ardıcıl ikinci dünya çempionatında finala vəsiqə qazanıb. "Xoruzlar" 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda da eyni uğura imza atıblar. Həmin vaxt finalda Xorvatiyaya qalib gələn fransızlar dünya çempionu olublar.

DÇ-2022
Yarımfinal
14 dekabr

Fransa - Mərakeş 2:0
Qollar: Teo Ernandes, 5. Kolo Muani, 80.
Fransa: Uqo Lyoris (K), Jül Kunde, İbrahima Konate, Yussuf Fofana, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.
Mərakeş: Yassin Bunu, Romen Saiss (K), Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Nayef Agerd, Nussair Mazraui, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş.
Baş hakim: Sezar Ramos
"Əl Bayt" stadionu
 
Səbuhi Həsənov