İdman 00:57 14.12.2022

DÇ-2022: İlk finalçı müəyyənləşdi

Qətərdə keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Görüşdə ilk qol 34-cü dəqiqədə vurulub. Penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib. Cəmi 5 dəqiqə sonra Xulian Alvares bir neçə rəqibini geridə qoyaraq, 2-ci topu rəqibin qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstnülüyü ilə yekunlaşıb.

İkinci yarıya da fəal başlayan argentinalılar 69-cu dəqiqədə Avropa təmsilçisini 3-cü dəfə cəzalandırıb. Dubl edən Alvares yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, Argentina millisinin finaldakı rəqibi Fransa - Mərakeş cütünün qalibi olacaq. Turnirin həlledici oyunu dekabrın 18-də keçiriləcək.

DÇ-2022
Yarımfinal
13 dekabr

Argentina - Xorvatiya 3:0
Qollar: Lionel Messi, 34-pen. Xulian Alvares, 39; 69.
Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Entso Fernandes, Leandro Paredes, Nikolas Talyafiko, Aleksis Makkallister, Rodriqo De Paul, Lionel Messi, Xulian Alvares.
Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yoşko Qvardiol, Borna Sosa, Marselo Brozoviç, Mateo Kovaçiç, Luka Modriç, Mario Paşaliç, İvan Perisiç, Andre Kramariç.
Baş hakim: Daniele Orsato (İtaliya).
"Lusail" stadionu

Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.