
Taylandın Phetçabun əyalətində dəhşətli hadisə baş verib.
"Qaynarinfo"nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, əyalətdəki məbədlərin birinə ziyarət üçün gələn 36 yaşlı Naiphum Promrate adlı turist orada saxlanılan ayı ilə zarafat etmək istəyib. Amma zarafat ona baha başa gəlib. Belə ki, o, ayıya düyü ilə dolu qabı uzadıb geri çəkərək heyvanı əsəbiləşdirib. Özündən çıxan ayı arxa ayaqları üstə qalxaraq Naiphumu aşağı salıb və parçalamağa başlayıb. Oradakı digər şəxslərin çomaq və su qabları ilə müdaxiləsi də heç bir nəticə verməyib.
Uzun müddətdən sonra məbədin təhlükəsizlik işçiləri qəfəsə girərək huşunu itirən adamı ayının pəncəsindən xilas etməyi bacarıblar. Sürətlə qəfəsdən çıxan işçilər Naiphumu sürüyərək oradan çıxardıqdan sonra xəstəxanaya çatdırıblar.
36 yaşlı şəxs dəhşətverici hadisədən sonra möcüzəvi şəkildə sağ qalıb.
Çingiz
Qaynarinfo.Az





