ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq” radiosuna müsahibə verib. O deyib ki, ABŞ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 9 oktyabr seçkisinə verdiyi tənqidi rəyi dəstəkləyir.
“ABŞ-ın seçkiyə yekun qiymətini bir daha Sizdən eşitmək maraqlı olardı. Sizcə, seçki nə dərəcədə xalqın iradəsini əks etdirdi” sualını səfir belə cavablandırıb: “10 oktyabr bəyanatımızın (ABŞ hökuməti: “9 oktyabr seçkisi beynəlxalq standartlara uyğun deyil”) arxasında dururuq. Bu bəyanata əlavə edəcəyim yeni bir şey yoxdur. Onu da demişik ki, seçkinin nəticələrini şübhə altına almırıq. Hökumətlə, vətəndaş cəmiyyəti ilə bir sıra məsələlər üzrə əməkdaşlığı səbirsizliklə gözləyirik. Demokratiya və insan haqları Azərbaycanla gələcək müzakirələrimizin əsas hissəsi olacaq”.
Prezident Barak Obamanın həmkarı İlham Əliyevə məktubuna (Obamadan təbrik və tövsiyələr gəldi) toxunan səfir deyib: “Çox yaxşı düşünülmüş, birbaşa prezidentə ünvanlanmış məktub idi. Yəni sadəcə tərtib olunub imzalanması üçün onun masası üzərinə qoyulan adi bir məktub deyildi. Fikrimcə, bu məktub ABŞ hökumətinin ən yüksək rütbəli rəsmilərinin Azərbaycanla bağlı mövqeyini, fikirlərini çox dəqiq əks etdirir. Prezident məktubunda demokratiya və insan haqlarının durumunu da qeyd edir, seçkilərə də diqqət yetirirdi. Bu sahələrdə əməkdaşlığı davam etdirməliyik. Məncə, məktub xeyli birbaşa idi və hökumətin yüksək səviyyəli məmurlarının fikirlərini çox dəqiq ifadə edirdi”.
“Seçkidən sonra Prezident Administrasiyasının rəhbəri Sizinlə seçkiöncəsi sövdələşmələr barədə iddialar (Ramiz Mehdiyevin müsahibəsi) səsləndirdi, səfirlik isə onları təkzib etdi. Sizcə, bu iddiaların ortaya atılmasında məqsəd nə idi” sualına səfir belə cavab verib: “Məncə, bu sualı cənab Mehdiyevə ünvanlamalısınız. Həyatımda çox işlə məşğul olsam da, insanların fikirlərini oxuya bilmirəm. Ancaq əvvəl dediyimiz fikri (ABŞ Ramiz Mehdiyevin açıqlamasına reaksiya verdi) təkrarlamaq istərdim – cənab Mehdiyevin iddiaları tam və kökündən yalandır”.