Dünya 09:37 07.02.2023

Demokratların çoxu Baydenin ikinci dəfə namizəd olmasını istəmir

ABŞ Demokratik Partiyasının tərəfdarlarının əksəriyyəti hesab edir ki, prezident Co Baydenin 2024-cü ildə yenidən seçilməsi lazım deyil.

Qaynarinfo xəbər verir ki, bunu AP-NORC ictimai rəyin öyrənilməsi mərkəzinin yeni sorğusu göstərir.

Əgər 2022-ci il aralıq seçkilərinə bir neçə həftə qalmış demokratların 52%-i Baydenin yenidən seçilməsinə tərəfdar idisə, indi onların sayı 37%-ə düşüb.

Baydenin yenidən prezidentliyə namizədliyini irəli sürməli olduğuna inanan demokratların sayında azalma əsasən gənclər arasında müşahidə olunur. 45+ yaşlı demokratların 49%-i Baydenin ikinci müddətə namizədliyini irəli sürməli olduğunu düşünür (2022-ci ilin oktyabrında bu rəqəm 58%-dən çox idi).

Lakin yaşı 45-dən aşağı olanlar arasında 23% onun ikinci müddətə namizədliyini irəli sürməli olduğuna inanır (aralıq seçkilərə qədər bu rəqəm 45% idi).

AP-NORC sorğu iştirakçıları ilə dərin müsahibələr göstərir ki, bir çoxları Baydenin 80 yaşında olmasını maneə kimi görürlər: insanlar onun öskürək, yeriş, səhvləri və ABŞ prezidentinin stresli işinin daha gənc birinə daha uyğun olacağı ehtimalına işarə edir.

Daha əvvəllər ABŞ prezidenti uzun karyerasına əsaslanaraq, vəzifədə və ikinci müddətdə çətinliklərin öhdəsindən daha yaxşı gələcəyini iddia edirdi.

Sorğu ABŞ prezidentinin gələn il üçün prioritetləri əks etdirən "Millətin vəziyyəti” ilə bağlı Konqresdə çıxış etməsindən bir gün əvvəl açıqlanıb.

Nizami Bağırov