Xəbər lenti

Dostluğun qələbə qazandığı Fransa gündəliyi - YAZI
İdman06:00 14.07.2016

Dostluğun qələbə qazandığı Fransa gündəliyi - YAZI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransada iyunun 10-dan 12-dək hamının maraq və həyəcanla izlədiyi futbol üzrə Avropa çempionatı başa çatdı. Finalda isə 12 ildən bir qeydə alınan sensasiya gerçəkləşdi. Maraqlıdır ki, portuqaliyalılar çempion olduqlarına görə bir növ fransız Mişel Platiniyə minnətdar olmalıdırlar. Axı, 24 komandalı sistemin keçirilməsi qərarı onun UEFA prezidenti olduğu müddətdə qüvvəyə mindi. Portuqaliya isə bu sistem sayəsində qrupu III yerdə və qələbəsiz bitirdi və növbəti mərhələyə vəsiqə əldə edə bildi. Sonu isə məlumdur. Portuqaliya ilk çempionluğunu Platininin vətənində, Platinin vaxtı ilə oynadığı Fransa millisinə qarşı matçda əldə etdi...

Fransaya Qaynarinfo.az-ın əməkdaşı kimi ezam olunmuşdum. Ona görə də bu yazıya start verəndə futboldakı taktiki gedişlərə yox, futboldan kənar amillərə toxunmağı qərara almışam (saytımızın ictimai-siyasi olduğunu nəzərə alaraq). Bu turnir üçün Azərbaycandan yeganə akkreditə olunmuş media nümayəndəsi olduğum üçün Fransa torpağına ayaq basanda özümdə bir məsuliyyət hissi də var idi. Mənimlə AZAL-a məxsus hava reysində turnirin sponsorlarından SOCAR-ın xətti ilə gedən azərbaycanlı azyaşlı futbolçular, Rauf Arifoğlu, eləcə də millət vəkili, partiya sədri Fərəc Quliyev vardı. Zatən bu haqda əvvəllər xəbər vermişdim deyə, başqa mətləblərə toxunmaq istəyirəm.

Qanlı metro

Parisə çatdıqda ilk işim qaldığım oteli tapmaq idi. Hava limanından RER adlandırılan sürətli qatarla yarım saata şəhərə çatmaq mümkündür. Qaldığım otel Barbes - Roşeşuar metrostansiyasına yaxın olduğundan, onu tapmaq o qədər də çətin olmadı. Yeri gəlmişkən, bu metro inqilabçı Arman Barbesin və dini xadim Marqerit de Roşeşuarın soyadlarını özündə ehtiva edir. 1903-cü ildə açılmış olan bu metrostansiyada II Dünya Müharibəsi zamanı qanlı olay da baş verib. Belə ki, 1941-ci ilin avqustunda Fransa Müqavimət Hərəkatının liderlərindən, kommunist, Polkovnik Fabyen kimi də tanınan Pyer Jorj və 3 silahdaşı Alfons Mozer adlı alman əsgəri tərəfindən öldürülüb.

Ora "Stad de Frans"ın yerləşdiyi Sen-Deni qəsəbəsinə yaxın olduğundan, metroda çox vaxt itirməyimə ehtiyac qalmırdı. Əlqərəz, oteldə məskunlaşdıqdan sonra yollandım stadionun media mərkəzinə. Axı, stadiona daxil olmağım üçün ilk növbədə akkreditasiya vəsiqəmi almağım lazım idi. Ora gedərkən stadion kənarı kafe və restoranların akkreditasiyalı insanlarla dolu olduğunu görməmək mümkün deyildi. Nəhayət həmin yerə çatdım. Növbə filan yox idi. Pasportuma baxıldı və UEFA-da bu turnir üçün qeydiyyatdan keçildiyim təsdiqləndi. Daha sonra şəklim çəkildikdən sonra mənə boynumdan asmaq üçün lazım olan akkreditasiya vəsiqəsi hazırlandı.

Həmin gün stadionda UEFA və Fransa Futbol Assosiasiyası rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilməli idi. Mən də bu fürsəti bada verməyib stadionun konfrans zalına yollandım. Finalda qalibə veriləcək Anri Deloni kuboku da konfrans zalına gətirilmişdi. Açığı, kubokla şəkil çəkdirməyin qeyri-peşəkar addım olacağından ehtiyatlanırdım. Lakim gözləmədiyim halda bir çox jurnalist kubokla şəkil çəkdirmək üçün növbəyə durmağa başladı. Belədə mən də özümdə müəyyən cürət tapıb bu fürsətdən yararlanmaq qərarına gəldim.

Konfrans zamanı bir jurnalistin Azərbaycanda insan hüquqlarının pozulmasını əsas gətirərək 2020-ci ildə Avropa çempionatının oyunlarından bəzisinin Bakıda keçirilməsinin nə dərəcədə düzgün olması ilə bağlı verdiyi sual gözlənilməz oldu. Düzdür, sonradan onunla danışmaq imkanım oldu. Ərəb mənşəli bu alman jurnalistə "siyasət ayrı, futbol ayrı" terminlərini xatırladaraq, əvvəllər də Azərbaycanda beynəlxalq turnirlərin keçirildiyini yadına salmağa çalışdım...

İran hara, Avropa çempionatı hara?!

Konfrans zalında iranlı jurnalistin olduğunu da öyrəndim. Mənə diqqətlə baxırdı. O da məni özünə yaxın bilmişdi deyəsən. Açığı, onun türk olduğunu düşünmüşdüm. Lakin tanışlıq verərkən məlum oldu ki, onun adı Mehdiar Qaffaridir. İlk sözü də belə oldu: "Təbrizdən deyiləm, Tehrandanam". Adımı görüncə, bu sözün farsca "sübh" sözündən olduğunu bildirir. Elə bu şəxs də adı "sübh"lə bağlı olan qurumdan UEFA-ya qeydiyyatdan keçib. "7Sobh" qəzeti adından qeydiyyatdan keçsə də, frilanser jurnalist kimi işləyir. Özü deyir ki, şəxsi təşəbbüsü ilə Fransaya gəlib. Əvvəl Marseldəki oyunlardan birini də jurnalist kimi izləyib. 

Mehdiar mənə deyir ki, əvvəllər futzal üzrə dünya çempionatında, İsveçrə və Avstriyada keçirilən Avropa çempionatında iştirak edib. Onun sözlərinə görə, Fransada keçirilən Avropa çempionatı onu qane etməyib. Çünki 2008-ci ildəki Avropa çempionatında jurnalistlər üçün gəliş-gediş xərcləri pulsuz idi. Məhz onun UEFA-nın baş katibi Teodor Teodoridisə verdiyi sual da bu barədə idi. Lakin yunan mütəxəssis diplomatik cavab verməklə gələcəkdə bu məsələlər barədə düşünəcəklərini bildirdi.

Mehdiar deyir ki, Azərbaycanda heç vaxt olmayıb. Yalnız Avropaya gedərkən 2 dəfə keçid ölkə kimi köhnə hava limanında olub. Sonuncu görüşümüzdə ona dedim ki, 2017-ci ildə Bakıda İslam Oyunları keçiriləcək. Gələrsən və yeni hava limanımızı da görərsən...

Lakin final gününə 1 gün qalmış UEFA-dan gələn məktub onun məyusluğa qapılmasına səbəb olmuşdu. UEFA media lojasına tələbatın çox olduğunu əsas gətirərək onun finala qeydiyyat istəyini geri çevirmişdi. Tərslikdən "Veytinq List" (Waiting List) final üçün qapalı idi (bu "Gözləmə Siyahısı" əvvəlki oyunlarda mövcud idi. Oyuna qeydiyyatı alınmış hansısa jurnalist gələ bilməyəcəyini 24 saat əvvəl xəbər versəydi, bu siyahıdakı jurnalistlərdən biri ora daxil edilirdi). Ancaq Ermənistanın "Armenian Soccer" və Yaponiyanın "Flash Japan" qəzetləri finala qeydiyyata alınmışdı. Maraqlıdır ki, erməni nəşrini polyak jurnalist Dariuş Kurovski təmsil edirdi.

Ordakı işimi qurtarandan sonra qayıtdım otelimə. Otelin olduğu küçə ərəb və qaradərili miqrantlarla doludur. Ümumiyyətlə, bu ərazilərdə daha çox mühacirlərin olduğu, futbol ab-havasının buralardan çox uzaqda olduğunu qeyd etməliyəm. Addımbaşı qarşına qaradərili insanlar çıxır. Hərdən adama elə gəlir ki, sən Avropanın mərkəzində yox, hansısa Afrikanın bir guşəsindəsən. Bu küçələrdə Afrika ab-havası var: küçədə zibillik, ucadan danışmaq, işıqfora əməl etməmək, qadınların bir-birləri ilə dalaşması və s. Zibillik küçədə elə tüğyan edir ki, ağcaqanadlar axşamlar adamın xəbəri olmadan dərindən "çimdik" qoparır. Onu da deyim ki, bu gözəgörünməz həşəratların insan dərisi üzərində gördüyü işlərin əziyyətini bir neçə gün çəkməli olursan. 

Lakin elə ki, Parisin mərkəzinə - Eyfel qülləsinin olduğu məkanın yaxınlığında metrodan çıxırsan, ab-havanın dəyişdiyini görürsən. Artıq burda qaradərili insanlar ikinci planda olur. Onlar turistlərə daha çox Eyfel qülləsindən olan maqnit suvenirlər və ya breloklar satmaqla məşğuldur.

Barbes - Roşeşuardan bir qədər yuxarıdakı "Qar du Nor" (Gare du Nord) metrostansiyası yaxınlığında isə bütünlüklə hindlilər məskunlaşıb. Orda bütün marketlər hindlilərə məxsusdur.

Final və digər tədbirlər üçün Parisə gələnlər

Qaldığım otel isə final matçını izləmək üçün gələnlərlə doludur. İlk günlərdə Ukraynadan, daha sonra Polşa, Litvadan ora turistlər gəldi. Belçika millisinin forması ilə gələnlər də oldu. Fransanın digər yerlərindən gələnlər də var. Məsələn, Delssad Musbahu. Onun doğulduğu ölkə Komor adalarından biri olan Mayotta (əslində oxunuşu "Mayot"dur) olsa da, Bordo yaxınlığındakı kiçik şəhərdə yaşayır. O, futbolla maraqlanmır və Parisə hansısa konfrans üçün gəlibmiş. 

Polşalı Tsezari Yatskovski isə əsasən Parisə Selin Dionun Parisdəki konserti üçün gəlib. Lakin gəlmişkən fanzonadan matçı da izləməyi qərara alıb. Universiteti Ukraynanın Odessa şəhərində bitirdiyi üçün rus dilində təmiz danışır. Yatskovskiyə polşalı futbolçuların familiyalarının çətin səsləndiyini bildirirəm. Məsələn, Voystsex Şçesnı. O isə mənə gülüb deyir ki, əslində bu qapıçının ad-soyadı belə səslənməlidir: Voyçex Ştensni. Fərq böyükdür...

İlk baxışdan ərəbə oxşatdığım isə milliyətcə albandır, Metsdə yaşayır. O, Sen-Denidəki fanzonadan matça baxmağı qərara alıb və özü ilə böyük Albaniya və Fransa bayraqları götürüb. Albaniya millisinin futbolçusu, turnirdə son 2 matçda komandasını kapitan kimi meydana çıxarmış Ansi Aqollini tanıdığımı görüncə, məəttəl qalır. Deyirəm ki, rəhmətliyin oğlu, təəcüblənməyə dəyməz, Aqolli artıq alban olmaqdan çıxıb, Ermənistandan Azərbaycana salam göndərməklə çoxdan bizimki olub. Ona Aqollinin "Qarabağ"la qazandığı sonuncu qızıl medalı alarkən çəkilən şəkli göstərirəm.

Türklər də narazıdır

Səhəri gün yenidən yolumu stadiondan salıram. Bu dəfə Fransa və Portuqaliya millilərinin baş məşqçilərinin mətbuat konfransları üçün. Bir xanım jurnalist sual verərkən "builki final ən maraqsızı olacaq" deməklə Portuqaliyanın finalda olmasına işarə edir və bundan Fernandu Santuş çox qeyzlənir. Oyunöncəsi bu mətbuat konfranslarında əvvəlkindən daha çox media nümayəndəsi iştirak edir. Türkiyə millisi qupda qalsa da, bu ölkənin jurnalistləri də öz peşəkar fəaliyyətlərini finaladək davam etdirirlər. Onlar yüksək səslə turnirin təşkilatçılığından narazılıq edir: "Biz nə finallar gördük, bu nə cür təşkilatçılıqdır?" Onlardan biri qırmızı forma geyinən könüllülərdən biri olan qaradərili qızdan hardan olduğunu soruşurlar. "Mozambik" cavabını eşitdikdən sonra təəccüblənən türklər qızı sorğu-suala tuturlar. Ümumiyyətlə, oturduğum "Qalatasaray" restoranında da türklər narazıdır. Eşitdiyim bir dialoqda türk poçtalyon restoran işlədənə belə deyir: "Abi, 1400 avro maaş verirlər. Belə də şey olar?"..

Nəhayət oyun günü...

Oyunun keçiriləcəyi stadiona 2 saat əvvəl getməlisən. Çünki insan izdihamından metroda bir neçə qatarı ötürməyə məhkum ola bilərsən. Elə fanzonaya da bu sözlər aiddir. Əgər fanzonada oyunu izləmək istəyirsənsə, 2 saatdan da əvvəl ora yollanmalısan. Çünki fanzonaya gedən yolun uzunluğu çox, insanların basırığı isə bundan da çox. Vay o günə ki, 90 minlik insan tələbatı dolduğundan, fanzonaya qapılar bağlandı. Deməli, sən o boyda yolu suyu süzülmüş halda geri qayıtmalısan. Məsələn, bizim yuxarıda bəhs etdiyim polşalı dostumuz kimi. Jurnalistlər üçün isə həm stadionda, həm də fanzonada qapılar açıqdır. Lakin içəri keçənədək 2 yerdə güclü nəzarətdən keçməlisən. Üzərindəki qoltuqaltı sprey təhlükəli maddə hesab olunduğundan, 2-ci nəzarət məntəqəsində içəri buraxılmaya bilər.

Oyun günü Portuqaliya və Fransa bayraqlarından başqa da, digər bayraqlarla oyuna gələnləri də görmək mümkündür. Bunların bəziləri finala öncədən bilet almışlar, bəziləri isə komandaları çıxmasa da, bu möhtəşəm finalı görmək istəyənlərdir. Polşa formasında olan bir digəri isə polyak olmadığını, bu formanı dostundan aldığını bildirir.

Fanzonada isə hər cür şərait var. Tualetindən tutmuş, almaq istədiyin içkilərə qədər. Sadəcə insan izdihamı çox olduğundan, növbə gözləməlisən. Üstəlik, pul nəğd şəkildə yox, kart vasitəsilə götürülür.

"Portuqalski fransızlar"

Ancaq fransızlar içində Portuqaliyaya azarkeşlik edənlər də var. Hətta deyərdim ki, Azərbaycan - İtaliya oyunları zamanı qonaqlara daha çox azarkeşlik bizimkilər onların yanında heç nədir. Bizim "italyan" azarkeşlər yenə qol vurulanda, bunu o qədər də biruzə vermədən qeyd etməyə çalışırlar. Fransada isə belə deyil. Açıq-aşkar Portuqaliyaya azarkeşlik var. Səbəbi mənə də məlum olmadı. Elə deyəsən, fransızlara da aydın deyil.

 

Oyundan qayıdarkən metroda qaradərili qız və oğlanların Portuqaliyanın qələbəsi münasibəti ilə fransızlara acıq verdiyini gördüm. Ondan sonra qatarda Fransa forması əynində olan bir nəfərin "portuqaliyalı" fransızlarla təxminən belə bir dialoqu oldu:

- Siz niyə Portuqaliyaya azarkeşlik edirsiz ki?

- Əcəb edirik. Bizə belə xoşdur.

- Fransadan xoşunuz gəlmirsə, qayıdın öz Afrikanıza... (sonra söyüşlərin biri 5 sentdən)

Ancaq əsas məsələ odur ki, həm Portuqaliya, həm də Fransaya azarkeşlik edənlər arasında hər hansısa dava olmadı. Baxmayaraq ki, Paris küçələrində və avtomobil yollarında "Portuqaliya" sədalarının səsi kəsilmirdi. Hamı eyni yoldan evinə tərəf davasız-şavasız yollandı. Hətta portuqaliyalılardan fransızlara məyus olmamaq yönündə dəstək verənlər də oldu. Yazıya qoyduğum şəkildə olduğu kimi hər şey dostluq və sülhlə bitdi.

P.S. Jurnalistika karyeramda əvvəllər futzal üzrə Avropa çempionatında iştirak etmişdim. Lakin böyük futbol üzrə Avropa çempionatında ilk dəfə media nümayəndəsi qismində yer alırdım. Orda iştirakımda təyyarə xərclərini öz üzərinə götürən AZAL şirkətinə və səfərə ezam olunmağıma şərait yaradan "Qaynar-Media" MMC-nin rəhbəri Zahir Əzəmətə öz təşəkkürümü bildirirəm. 

Səbuhi TOFİQOĞLU