Xəbər lenti

Dünyanın ən böyük aysberqi 40 illik macəranın ardından tarixə qovuşdu
Dünya 12:30 14.04.2026

Dünyanın ən böyük aysberqi 40 illik macəranın ardından tarixə qovuşdu

Təxminən 40 il əvvəl Antarktikadan ayrılan və dünyanın ən böyük aysberqi kimi tanınan A–23A, okeanın isti sularına və güclü dalğalara daha tab gətirə bilməyib. Təxminən 3 700 kilometrlik epik səyahətini aprel ayı etibarilə tamamlayan buz nəhənginin hekayəsi kiçik parçalara bölünərək sona çatıb.

Qaynarinfo xəbər verir ki, Londondan təxminən iki dəfə böyük bir ərazini əhatə edən bu buz kütləsinin təbiətin istiliyi və dalğaların aşındırıcı gücü qarşısında dağılaraq tarix səhnəsindən çəkilməsi elm dünyasında geniş rezonans doğurub.

Bu epik prosesin başlanğıcı 1986-cı ildə Filşner Buz Şelfinə dayanır. Qopduqdan sonra Veddell dənizinin dayaz hissələrində uzun müddət "lövbər salmış” kimi hərəkətsiz qalan aysberq təxminən 30 il dəniz dibinə ilişərək yerində qalıb. 2020-ci ildə isə gözlənilmədən azad olaraq açıq okeana doğru hərəkət etməyə başlayıb. Bu müddət ərzində 3 700 kilometrlik marşrut boyu alimlər üçün hərəkətli müşahidə platformasına çevrilən A–23A, okean axınlarına qarşı mübarizəsini 2026-cı ilin aprelində itirib.

Son dövrdə baş verən təbii hadisələr aysberqin dağılmasını sürətləndirən əsas amillərdən biri olub. Avstraliya Meteorologiya Bürosundan alim Can Layserin bildirdiyinə görə, bölgədə güclü buludluluq prosesi bir müddət vizual müşahidəni çətinləşdirsə də, peyk məlumatları parçalanmanın miqyasını aydın şəkildə göstərib.

Bir zamanlar 4 000 kvadratkilometr ərazini əhatə edən nəhəng buz kütləsi dağılmadan əvvəl 170 kvadratkilometrə qədər kiçilib. Parçalanma prosesi kəskin və geri dönüşü olmayan şəkildə baş verib.

Səyahət yalnız fiziki ərimə ilə məhdudlaşmayıb. A–23A bəzən okean girdablarına düşərək aylarla eyni nöqtə ətrafında fırlanıb. Bir dövrdə minlərlə pinqvin və suiti üçün təhlükə yaratsa da, Cənubi Corciya adası yaxınlığında dayaz sulara ilişməsi bölgədəki canlılar üçün müvəqqəti rahatlıq yaradıb. Eyni zamanda ərimə zamanı ətrafa yayılan mineral baxımından zəngin şirin suyun plankton artımını stimullaşdırdığı və yerli ekosistemi qidalandırdığı müşahidə edilib.

3 aprel 2026-cı il tarixli son peyk məlumatları göstərir ki, buz nəhəngindən artıq yalnız kiçik buz parçaları qalıb. NASA və beynəlxalq aviasiya və kosmik müşahidə qurumları isə aysberqin ölçüsündən çox, təxminən 40 il davam edən yaşama qabiliyyətinə diqqət çəkirlər.

Aydın
--> -->