Pakistanın ən kritik dəmir yolu xətlərindən biri olan Jaffer Ekspresi son illərdə artan terror hücumları səbəbilə "dünyanın ən təhlükəli qatar marşrutlarından biri” kimi tanınır. Təxminən 1600 kilometrlik bu xətt Quetta şəhərini ölkənin digər böyük bölgələri ilə birləşdirir və Pakistanın dörd əyaləti arasında əsas nəqliyyat damarlarından biri hesab olunur.
Qaynarinfo xəbər verir ki, son 18 ayda xəttə ən azı 27 hücum edildiyi bildirilir. Bu hücumlar nəticəsində həm sərnişinlər, həm də dəmir yolu infrastrukturu ciddi zərər görüb.
Ən ağır hadisələrdən biri 2025-ci il martın 11-də baş verib. Bəluc Azadlıq Ordusu (BLA) tərəfindən törədildiyi iddia edilən hücum zamanı qatar dayandırılıb və 440 sərnişin 36 saat girov saxlanılıb. Pakistan təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 33 silahlı, 26 sərnişin və 5 təhlükəsizlik əməkdaşı həyatını itirib.
Digər hücumlar arasında yanvar ayında baş verən partlayış nəticəsində vaqonların relsdən çıxması və 2025-ci ilin sentyabrında 12 nəfərin yaralanması da yer alır.
Ən riskli hissə: Bolan keçidi
Mütəxəssislərə görə, xəttin ən təhlükəli hissəsi Bolan keçidindən keçən təxminən 240 kilometrlik dağlıq zonadır. İngilis müstəmləkə dövründən qalan tunellər, kanyonlar və körpülərlə əhatə olunan bu ərazi sıx yaşayış olmayan və nəzarətin çətin olduğu bir bölgədir.
Qatar burada saatda təxminən 29 kilometr sürətlə hərəkət etməyə məcbur olur ki, bu da onu pusqu quran silahlı qruplar üçün daha həssas edir.
Bəlucistan və təhlükəsizlik böhranı
Bəlucistan bölgəsi uzun müddətdir separatçı silahlı qrupların hücumları ilə gündəmdədir. Bölgə həm də Çin investisiyaları və strateji limanlar baxımından əhəmiyyət daşıyır. Silahlı qruplar Pakistan hökumətini Çinin bölgə resurslarını istismar etməsinə şərait yaratmaqda ittiham edir.
Beynəlxalq Terrorizm İndeksinə görə Pakistan son illərdə dünyada terrorizmdən ən çox təsirlənən ölkələrdən biri olub və bu vəziyyətdə əsas rol oynayan qruplar arasında TTP (Pakistan Talibanı) və BLA göstərilir.
"Başqa seçimimiz yoxdur”
Qatarı istifadə edən sərnişinlərin böyük hissəsi gündəlik işçilərdən ibarətdir. Onlar üçün bu xətt ən ucuz və bəzən yeganə nəqliyyat vasitəsidir.
Sərnişinlər riskləri qəbul etsələr də, alternativlərinin olmadığını bildirirlər. Yerli işçilərdən biri vəziyyəti belə izah edib: "Bəli, risklidir. Amma başqa seçimimiz yoxdur. Bəzən hücum olur, bəzən qatar dayanır. Yenə də istifadə etməyə davam edirik.”
Artan təhlükəsizlik tədbirləri
Pakistan hökuməti xətti açıq saxlamaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib. Qatarların hər vaqonunda təhlükəsizlik əməkdaşları yerləşdirilir, pilotsuz uçuş aparatları ilə nəzarət aparılır və xüsusi komando qrupları müşayiət edir.
Bununla yanaşı, qatarların modern izləmə sistemləri və əlavə təhlükəsizlik texnologiyaları ilə təchiz edilməsi planlaşdırılır.
Aydın
Şərhlər