"Əbu-Dabi görüşündə hər hansı ciddi nəticə əldə ediləcəyi gözlənilmir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev bu gün Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə təhlükəsizlik mövzusuna həsr olunan görüşü şərh edərkən deyib.
Onun fikrincə, Əbu-Dabidəki görüşdən sonra yenə də elan olunacaq ki, problemlərin 90 faizi həll edilib və məsələnin çözümünə yaxınlaşıblar:
"Amma əsas mövzu olan ərazi məsələsində hər hansı razılığın əldə olunacağına inanmıram. Çünki bunun konturları görünmür. Tərəflərin bu məsələdə mövqeləri hələ də bir-birinə tam ziddir. Bir sözlə, bu görüşün danışıqlarda irəliləyişə yol açacaq ciddi bir mərhələ olacağını düşünmürəm".
Siyasi şərhçi Elçin Şıxlı da görüşdən ciddi nəticə gözləmədiyini bildirib:
"Yeni heç nə əldə olunmayacaq. Çünki Rusiya mövqeyini dəyişməyib. Ukrayna da öz mövqeyində qalır və torpaqlarını Rusiyaya peşkəş etmək fikrində deyil. Ona görə də Əbu-Dabidə də danışıb dağılacaqlar. İki ölkənin liderləri birbaşa danışıqlara getməyəcəklər. Deməli, müharibə də dayanmayacaq. ABŞ çalışır ki, məsələni həll etsin və bundan özü üçün müəyyən fayda əldə etsin. Amma hazırkı şəraitdə bu mümkün görünmür".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Moskvada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və tanınmış sahibkar Cared Kuşnerlə baş tutan görüşdən sonra tərəflərin Əbu-Dabidə görüşəcəklərini açıqlayıb. Belə ki, danışıqların nəticələrindən biri kimi bu gün Əbu-Dabidə təhlükəsizlik mövzularına həsr olunmuş Rusiya–ABŞ–Ukrayna formatında üçtərəfli işçi qrupunun toplantısının keçirilməsinə razılıq verilib.
Rüfət Sultan
Şərhlər